Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun IX turun oyunları ilə bağlı cəzalar açıqlanıb.  
“Neftçala”  – “Şəmkir” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 20 manat cərimə kəsilib. Oyunun 90+1-ci dəqiqəsində “Şəmkir”in futbolçusu İlham Allahverdiyev də ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Həmin matçın 90+2-ci dəqiqəsində “Şəmkir”in daha bir futbolçusu Rəhman Şabanov ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı zaman azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Şəmkir”in futbolçusu Bəhruz Teymurov hakimi təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.  Oyunun 74-cü dəqiqəsində “Neftçala”nın futbolçusuna göstərilən qırmızı vərəqədən sonra klubun baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqir edici hərəkətə yol vermişdi. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra Quliyevi 5 oyunluq cəzalandırıb, kluba isə 500 manat cərimə kəsib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp