CBC faktiki ölkəni futbolsuz qoydu. Topaz Premyer Liqasının, adınca I divizionun, eləcə də milli komandaların oyunlarının yayım hüququnu ələ keçirməklə bu kanal azarkeşləri ekran qarşısından qaçaq saldı.
İnsafən, yayım keyfiyyəti baxımından CBC-in gördüyü işin misli yoxdu. Ən yüksək standartlara cavab verən çəkilişi danmaq olmaz. Gəl ki, həmin oyunları geniş azarkeş kütləsi izləyə bilmirsə, bu qədər xərcin nə mənası? Unitazı qızıldan etmək onun mahiyyətini dəyişmir.
Bəzən fikirləşirsən, görəsən, bunların məqsədi nədi? Yəqin ki, mənimlə razılaşarsız: CBC Azərbaycan futbolsevərlərini ölkə çempionatından məhrum etdi. AFFA Klublar Komitəsi bir tender məsələsi atdı ortalığa. Bunun nəticəsində Topaz Premyer Liqasının yayımı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindən (AzTV və “İdman Azərbaycan”) alınıb CBC və onun yeni layihəsi “CBC Sport”a verildi. Elə həmin vaxtdan da yerli futbol azarkeşlərinin qara günləri başladı.
CBC əvvəlcə ölkə çempionatını rusca yayımlayacağını açıqladı. Həqiqətən də bu ideyanın ortaya atılması absurd idi, müqavimətlə qarşılandı. Kanal rəhbərliyinin bu fikri yerli mətbuat, eləcə də azarkeşlər tərəfindən qınandıqdan sonra plan dəyişdi. CBC növbəti açıqlamasında oyunların ana dilimizdə yayımlayacağını bəyan etdi və əlavə olundu ki, CBC-nin nəznində yeni “CBC Sport” kanalı açılacaq və yerli çempionatdan əlavə, bəzi xarici liqalar da nümayiş olunacaq.
Əslində, CBC-nin çempionatımızı yayımlamağa başlaması əksəriyyəti razı salmışdı. Çünki sözügedən telekanalın matçları daha çox kameralarla lentə alması və oyunsonrası açıqlamalar və s. üstünlüklər tamaşaçıları yetərincə məmnun etmişdi. Amma…
Amma nə oldusa, “CBC Sport” yayıma başlayandan sonra oldu. Əvvəlcə yeni açılan, test yayımda olan həmin kanalda çempionat oyunlarını yayımlamağa başladılar. Guya ki, kanala Bakı – Abşeron ərazisində "domaşniy" antenalarla baxmaq mümkün idi. Gəncədə “Kəpəz” – “Xəzər Lənkəran” qarşılaşması gedir, lakin nə gəncəli, nə də lənkəranlı azarkeşlər oyunu televizordan izləyə bilir. Çünki kanal peykdən yayımlanmırdı. Eləcə də digər oyunlar. Həmin kanala hətta paytaxtda da baxmaq müşkül məsələyə çevrilmişdi.
Bir müddət keçəndən sonra isə “CBC Sport” peykdən yayımlanmağa başladı. “Əvvəlki kimi televizordan futbol izləyəcəyik” deyən yerli fanatların arzusu yenə ürəklərində qaldı. Çünki bunlar indi də HD (High Definition – yüksək yayım keyfiyyəti) yayıma başladı. Lakin ölkəmizdə peyk kanalları izləyən əksər istifadəçilər HD yayımı dəstəkləyən avadanlığa sahib deyillər. Onların daha çoxu ənənəvi, yəni SD (Standart Definition – standart yayım keyfiyyəti) yayıma yararlı aparatlara sahibdilər. Həmin aparat isə HD yayımı dəstəkləmir. Və bunu da əbəs yerə demirik. Maraqlananlar sadəcə, “CBC Sport”un sosial şəbəkələrdəki hesablarına və peyk yayımı ilə bağlı digər səhifələrə nəzər yetirə bilər. Çünki həmin səhifələrdə istifadəçilərin soruşduğu sual “CBC Sport”un nə vaxt SD yayıma başlayacağı”dı.
Hesab edirəm ki, sözügedən kanalın rəhbərliyi, ən azından əməkdaşları da bu narazılıqları görür, problemin fərqindədi. Azərbaycanlı isrifadəçilər bir yana, hətta xarici ölkələrdən, xüsusilə də Türkiyədən olan istifadəçilər də “CBC Sport”un SD yayımını gözləyir. Biz demirik ki, HD yayım lazım deyil. Bu, daha keyfiyyətli görüntü və səs effektləri deməkdi. Lakin izləyiciləri də nəzərə almaq lazımdı. İndi futbolsevərlər çempionatımızı izləmək üçün ailəsinin boğazından kəsib, ya yeni aparat almalı, ya da LCD və HD yayımı dəstəkləyən digər televizorlara sahib olmalıdı. Onsuz da, iqdisadi böhran yaşayan ölkəmizdə CBC-nin futbolsevərlərin iki ayağını bir başmağa dirəməsi anlaşılmazdı.
Ölkə rəhbərliyi futbolun inkişafı qədər onun təbliğatını da ciddi şəkildə tələb edirsə, CBC nə etmək istəyir? Yoxsa dövlət siyasəti CBC-nin vecinə deyil. Əks halda, üzərinə “ölkə çempionatını daha yaxşı yayımlayacağam” məsuliyyətini götürüb, camaatı barmağına dolamazlar. Hər çempionat matçı vaxtı əksəriyyəti maddi imkansızlıqdan əziyyət çəkən futbolsevərlər oyunlardan çox “CBC Sport”un yarıtmazlığını müzakirə edir. Çempionatımızı "gözdən uzaq, könüldən iraq" etməyin nə mənası var?
ELMAR VƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp