Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “gəmiçilər” gündə 2 dəfə olmaqla bakılılarla görüşə hazırlaşır. 
Komandanın heyətində itkilər var. Belə ki, zədəlilərdən müdafiəçi Adrian Skarlatake və hücumçu Orxan Əliyev sözügedən görüşü buraxacaq. Uzun müddətdi yaşıl meydanlara həsrət qalan digər arxa xətt oyunçusu Rasim Ramaldanovun isə iştirak edib-etməyəcəyi matç saatında bilinəcək. 
Cənubluların 3 futbolçusu – Rahid Əmirquliyev, Elnur Cəfərov və Elşən Rzazadə milli komandaların heyətində olduğuna görə hazırlıqlarda iştirak edə bilmir. Buna görə də baş məşqçi Yunis Hüseynov əvəzedici heyətdən əsas komandaya 6 futbolçu cəlb edib.
Artıq “Böyük oyun”un biletlərinin satışa çıxacağı vaxt da bəllidi. Belə ki, qarşılaşmaya 2 gün qalmış biletlər satışa çıxarılacaq. Lənkəran təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğludan aldığımız məlumata görə, bu matça 10 minədək azarkeşin gələcəyi gözlənilir. 
Qeyd edək ki, sözügedən matç ayın 22-i, saat 18:00-da Lənkəranın mərkəzi stadionunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp