AFFA-nın baş katibi Elxan Məmmədov gənclərdən ibarət yığma komandamızın Avropa Çempionatı-2017-nin seçmə qrup mərhələsi çərçivəsində Rusiya üzərində 3:0 hesablı qələbəsindən sonra oyunla bağlı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, Federasiya funksioneri təmsilçimizin əzmkar oyununu xüsusi qeyd edib.
Məmmədov qələbədən məmnun qaldığını gizlətməyərək, futbolçularımızın Ramil Şeydayevə qarşı xüsisi motivasiyasının olduğunu da dilə gətirib: “Təəssüf ki, bu matçadək keçirdiyimiz 6 oyuna cəmi 3 xal toplamışdıq. Rusiyaya qarşı yığmamız əzmkar oyun sərgilədi və nəticədə 3 xalı bayram etdi. Sevindiricidi ki, yığmamız hesabda öndə olarkən də müdafiəyə çəkilmədi, xoşbəxtliyi rəqib qapısı qarşısında aradı və nəticədə daha bir qol vurmağı bacardı. İnanıram ki, gənclərimiz növbəti qarşılaşmalarda da ürəklə mübarizə aparacaq və nəticələri ilə bizləri sevindərəcək.
Uşaqları Ramil Şeydayevə qarşı xüsusi motivasiya etməyə zərurət yox idi. Onların hər biri mövcud vəziyyətdən halidirlər. Oyunları ilə sübut etdilər ki, onlar rusiyalı futbolçulardan geri qalmırlar. Əlbəttə, Şeydayevin Rusiya yığmasında oynaması onlara əlavə qıcıqlandırıcı stimul idi”.
Baş katib həm Ramil Şeydayev, həm də Ayaz Quliyevin yığmamıza cəlb olunmasına dair fikirlərini bölüşüb: “Biz təklifimizi etmişik. Milli komandamızın qapıları hər iki azərbaycanlı futbolçunun üzünə açıqdı. İndi onları milli ruhundan asılıdı: təklifimizii qəbul etsinlər, ya yox”.
Xatırladaq ki, Azərbaycan və Rusiyanın gənclərdən ibarət yığmaları arasında keçirilən qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp