Rusiyanın gənclərdən ibarət yığmasının darmadağınından sonra qonaqların hücumçusu Ramil Şeydayevin üzünü görmək heç də xoş deyildi. Atasının soyadını daşıyan, adı azərbaycanlı olan birisinin yığmamızın qələbəsindən sonra süst dayanmasının səbəbi də məhz reallıqla üzləşməsi idi. Etiraf etmədi, ancaq gün kimi aydındı ki, xəcalətindən yerə gerirdi. Qarayanız, tərbiyəli, gənc bir futbolçu azərbaycanlıdı. Amma fərqli bayrağa xidmət etməyə qərar verib. Biz bunu təhqirlə qarşılamamalıyıq. Əksinə, 200 milyonluq Rusiya 1 azərbaycanlı balasınını ümidinə qalırsa, buna sevinməliyik. Ancaq həmin azərbaycanlı övladının fiaskoya uğramasını Azərbaycanın qələbəsi kimi qələmə verməməliyik. Onun futbolinfo.az saytının müsahibəsindən yarımçıq qaçmasının səbəbini isə yazının sonunda açıqlayacağıq:
– Oyun barədə fikirlərini bilmək maraqlı olardı…
– Məğlub olduq, deyiləsi sözüm yoxdu. Bakıya qələbə dalınca gəlmişdik. Qismət olmadı. Pis oynadıq, nəticəsini də aldıq. 
– Hesab oyuna görə oldu?
– Oyunun əvvəlində qol imkanlarımızdan yararlana bilsəydik, nəticə belə olmayacaqdı.
– OK. Sualı başqa cür qoyaq. Azərbaycan bu gün qələbəyə layiq idi?
– Bu suala cavab verə bilmirəm, çətinlik çəkirəm.
– Klub karyeranla bağlı yaxın perspektiv barədə nə deyə bilərsən? Millimizin dəvətini almasan da, sən azərbaycanlısan və azarkeşlərimiz üçün Ramil Şeydayevin gələcəyi maraqlıdı…
– Təəssüf ki, bu suala da cavab verə bilmirəm. Mövsüm başa çatdıqdan sonra gələcək karyeramla bağlı sualları cavablandıra bilərəm.
– AFFA dəfələrlə sənə müraciət edib və bayrağımızı təmsil etməyi təklif edib. Mövzu qapanıb, yoxsa variantlar var?
– Deyə bilmərəm. Çətinlik çəkirəm. Konkret cavab verə bilmirəm.
– Aleksandr Səmədov Rusiya bayrağını seçdi. Necə hesab edirsən, doğru qərar qəbul edib?
– Bilirsiniz, bu, Saşanın seçimidi. Hər bir seçimə hörmətlə yanaşmaq lazımdı. Onun fikri, onun seçimi barədə mənim danışmağım düzgün olmaz. Səmədovun öz həyatı var, mənim öz.
– Valideynlərinlə bu barədə məsləhətləşmisən?
– Bəli, məsləhətləşmişəm… Nə isə, mən getməliyəm. Təşəkkür edirəm…
Bax belə. Şeydayev müsahibədən qaçdı. Bu da başadüşüləndi. 20 yaşlı gəncin damarlarında azərbaycanlı qanı axa-axa, Bakıda Azərbaycana qarşı oynaması onun üçün çox çətindi. Amma bundan da çətin məqam var. Həmin azərbaycanlı balasını 9 milyon əhalisi olan həmvətənləri təmsil etdiyi 200 milyonluq milləti yıxıb-sürüdü. Bax, buna görə də Şeydayev suallarımızdan yayındı, sonda isə qaçdı. Çünki 3:0 onu düşünməyə vadar etdi: “Həqiqətənmi Rusiyanı seçməliyəm?” 
Get fikirləş, Şeydayev. Bu xalq çooox tərsdi. İnan və bil ki, bugünkü oyunda azərbaycanlı balaları sənə qarşı beşqa əzmlə oynayırdı. Ayağımızı tapdayanın, başı əzilməlidi. Məşhur filmdə olduğu ifadəni xatırladım, sən də fikirləş: “Səhv etmisən, cavan olmusan. Götür tüfəngini, keç bizim tərəfə”.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp