Ötən gün Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, evdə Moldova yığması ilə üz-üzə gələn komandamız 2:1 hesabı ilə qələbə qazanıb.
Matçından sonra millimizin müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:
– Millinin 2015-ci ildə son oyunu oldu. Uşqalrala danışdıq ki, matça yaxşı hazırlaşıb, nəticə qazanaq. Gördüyünüz kimi, bu gün maraqlı heyətlə meydana çıxdıq və qalib gəldik. 
– Bu matçda müdafiənin mərkəzində oynayırdın. Özünü necə hiss edirdin?
– Normal. “Xəzər Lənkəran”la da matçda müdafiənin mərkəzində çıxış etmişdim. Artıq yavaş-yavaş yerimi ələ keçirirlər (gülür). Oyununmla bağlı gərək, siz jurnalistlər mənə qiymət verəsiniz. 
– “Tottenhem”lə oyunda da mərkəzdə çıxış edib, Rəşadın boşluğunu doldura bilərsənmi?
– Baş məşqçi harda məsləhət görsə, orada oynayacam. Amma nəzərə almaq lazımdı ki, bizdə Elvin Yunuszadə kimi mərkəz müdafiəçisi də var. Rəşad qayıtdıqdan sonra mən də öz mövqeyimdə çıxış edəcəm.
 
– Son dəqiqələrdə cərimə meydançamızda rəqib futbolçu sənlə mübarizədə yerdə qaldı. Həmin epizodda hakim qapımıza penalti təyin etməməklə düzgün qərar verdi?
– Verə də bilərdi, verməyə də… Elə epizod idi ki, orada rəqibi əllə itələmirdim. Mən topu başımla, moldovalı futbolçu isə sinəsi ilə qəbul etmək istəyirdi. İstər-istəməz toqquşduq. Dediyim kimi bəlkə də, başqa hakim olsaydı, həmin ağ nöqtəni göstərə bilərdi. 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp