21 yaşadak futbolçularından ibarət Azərbaycan yığmasının hücumçusu Kerem Behnkenin futbolinfo.az saytına müsahibəsi:
– Oyun barədə fikirlərini bilmək istəyərdik…
– Əvvəlcədən də bilirdik ki, ağır oyun olacaq. Ancaq hər kəs gördü ki, bizim çox güclü bir yığma komandamız var. Rusiya ilə oyunda bacardığımızın ən yaxşısını ortaya qoyduq. Olduqca səviyyəli ifaçılarımız var və bunu oyunumuzla sübut etdik. Erkən qolun da bizə xeyli köməyi oldu. Fasiləyədək daha bir dəfə fərqlənməyimiz isə lap yerinə düşdü. İkinci hissədə müdafiəyə çəkilmədik, əksinə hücum qurmaqda davam etdik və bunun bəhrəsi kimi daha bir qola imza atdıq.
– Səncə, yığmamız nəyin hesabına qalib gəldi?
– İlk dəqiqələrdən rəqibə sərt futbol təklif etdik. Onlardan çəkinmədiyimizi meydançanın hər qarışında nümayiş etdirdik. Mübariz ruh göstərdik və layiq olduğumuz qələbəni 3 qolla bayram etdik.
– Bu cür güclü komandanız varsa, nəyə görə yığmanın əvvəlki 6 oyununda ancaq Farer adalarını məğlub edə bilmişdiniz?
– Bir çox oyunlarımız oldu ki, məğlubiyyətə layiq deyildik. Ancaq üzücü nəticələrə məruz qalırdıq. Nəhayət, bu qarşılaşmada hər şey ədalətli oldu və istədiyimiz nəticəylə azarkeşlərimizi sevindirdik.
– Qarşıda hələ 3 oyununuz var. Bu barədə nə deyə bilərsən?
– Qoy hamı bilsin, hər bir rəqibi güclü Azərbaycan yığması ilə oyun gözləyir! Üzümü onlara tutub deyirəm: Azərbaycan gəlir!
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp