Dünən Azərbaycan milli komandası 2015-ci ildə son matçına çıxdı. Futbolinfo.az xəbər verir ki, millimizin rəqibi Moldova oldu. Qarşılaşma yoldaşlıq oyunu xarakteri daşısa da, bu, matça satılan biletlərin üzərində öz əksini tapmadı.
Belə ki, satılan biletlərin üzərində Azərbaycan – Moldova yazılsa da, “2016-cı ildə Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsi H qrupu” sözləri qeyd edilmişdi. Bundan başqa, biletin üzərində turnirin loqosu da yer almışdı.
Bu anlaşılmaz durumla bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Qurum rəsmisi həmişə olduğu kimi, yenə çətin vəziyyətə düşəndə bizi federasiyanın başqa əməkdaşlarına yönəltdi. Ona görə də bu məsələ ilə bağlı departamentin əməkdaşı Firuz Qarayevlə əlaqə saxladıq. O, məsələyə bu cür aydınlıq gətirdi: “Bizdə biletlər seçmə mərhələnin əvvəlində sifariş verilir. Noyabr ayı isə pley-off matçları üçün nəzərdə tutulmuşdu. Amma milli qrupda qaldığından kağız israfı olmasın deyə, bu varianta əl atılıb”.
Firuz bəy bu informasiyanı marketinq şıbəsindən alaraq, bizə çatdırdı. Məlum oldu ki, AFFA seçmə mərhələ üçün bilet kağızı sifariş edərkən israfçılığa yol verib. Komandanın pley-offa yüksələcəyi hesablandığı üçün üzərində hazır loqolar olan bilet kağızı çox alınıb və komanda qrupda qaldığından belə durum ortaya çıxıb. AFFA-nın “ağıllı” marketoloqları isə səhvini bu yolla aradan qaldırmaq variantını seçib. Yoldaşlıq görüşünü camaata seçmə mərhələ matçı kimi sırımaqla əlavə xərcdən qaçmağa cəhd ediblər. Görünür, belə biabırçı durum onlara daha xoşdu, nəinki maddi itki.
Problemli məsələlər ortaya çıxanda ona aydınlıq gətirmək əvəzinə başqa işləri olduğunu bəhanə edib aradan çıxan Nərimanoğlu da AFFA-da otursa, yaxşı olar. Həftənin 6 gününü Gəncədə keçirən “Kəpəz”in Müşahidə Şurasının üzvü bilməlidi ki, klubda hər nə qədər çox qazansa da, onun əsas iş yeri assosiasiyadadı və onun karyerasının irəliləməsi məhz mətbuat xidmətindəki işindən asılı olub. Marketinq şöbəsinin buraxdığı “quş”dan onun rəhbərlik etdiyi departamentdə də az deyil.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp