Topaz Premyer Liqasında 14-cü turun qarşılaşmaları davam edir. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma meydanda "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edib.
Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Yunis Hüseynov məğlubiyyəti belə şərh edib: 
“Oyun istədiyimiz kimi alınmadı. Məğlub olmaq istəməzdik. Nəticəyə görə təəssüflənirik. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdan gələn kubok oyununa kasad heyətlə hazırlaşacağıq. Mən əvəzedici heyətdə 90 dəqiqə meydançada olan futbolçunu bu gün yenə oyuna buraxmaq məcburiyyətində idim.
Artıq Premyer Liqada 14-cü tur geridə qalır. İndiyə kimi hakimlik barədə danışmamışam. Bu gün isə hakimlik xoşuma gəlmədi. Sanki, hakim meydançada özünü itirmişdi. Epizodlar zamanı düzgün qərarlar vermədi, belə olmaz. Hakimlikdən çox narazı qaldım. Elə epizodlar vardı ki, sırf komandanın əleyhinə işlədi”. 
Shares: