Topaz Premyer Liqasının XIV turu çərçivəsində baş tutan “Zirə” – “Xəzər Lənkəran” matçında sensasiya baş tutmadı. Elitanın debütantı nə qədər gülməli səslənsə də, “Qafqazın “Çelsi”si”ni məğlub etdi. Mübariz Mənsimovun 11 il ərzində yatırdığı pulla bu gün nələr etmək olmazdı? Ancaq şəxsi mənafelərini güdən Mübariz bəyin ətrafı (onu da qeyd edək ki, bu ətrafı ona heç kim zorla sırıya bilməz. Seçim hüququ özündədi və nəyə layiqdirsə, onu da alıb) Lənkəran klubunu viranə qoydu…
Zirəyə “Ulduz” metrosunun çıxışından aparan avtobusda 2 saata yaxın yol qət etməli olursan. Budəfəki “avtobus sərgüzəşti”ndə lənkəranlı fanatlarla yol yoldaşı oldum. Yox, onlar KİV təmsilçisi olduğumu bilmirdilər, bilənlər də bildirmirdi. Yeniyetmə və gənclərdən ibarət azarkeşlər isə bu müddət kəsiyində demək olar, fasiləsiz sevimli komandalarının şəninə mahnılar oxudu. Avtobusda kluba yaltaqlanan fanat yox idi, bu uşaqlar sidq ürəkdən, sanki ilk məhəbbət kimi şəffaf sevgiylə öz komandalarına bağlığını mahnılarla ifadə edirdilər. Ən təmtəraqlı mahnı isə klubun vitse-prezidenti Tuyqun Nadirovun ünvanına səslənirdi. Tutduğu postda son günlərini yaşayan klub funksionerinə həsr olunmuş mahnını özü eşitməmiş olmaz. Məğzi pul yeyintilərindən bəhs edən mahnının son sətri Nadirovu “sevgililər”indən ayırmaq şüarı kimi səslənir… Avtobus tədricən mənzil başına çatır və cənublu fanatlar indi də Zirənin küçələrini bürüyən şüar səsləndirir: “Bizim üçün hər yer Lənkəran”. Stadionadək daha 15 dəqiqəlik piyada səfərdən sonra hər kəs özünü xoşbəxt hiss edir: axı, bura çatmaq özü bir qəhrəmanlıq tələb edir.
Nəhayət, Orxan Məmmədovun start fiti səslənir. Bir neçə dəqiqəlik kəşfiyyatdan sonra “Zirə” autsayderi qapısına sıxmağa nail olur. Bu dəqiqələrdə xüsusilə Nicat Qurbanovun fəallığı qeyd olunmalıdı. Meydan sahiblərinin “17 nömrəsi” sağ cinahda “at oynadırdı”. Yeganə çatışmazlıq ondan ibarət idi ki, komanda yoxldaşları onun 5-6 dəfə yaratdığı qol imkanlarını sağa-sola xərcləyirdi.
Bu arada, meydandakı daha bir məqama diqqət yetirməyə gərək var. Söhbət oyunun baş hakimi Orxan Məmmədovdan gedir. “Qarabağ” – “Tottenhem” qarşılaşmasında ölkə çempionumuzun futbolçularının hər sərt mübarizədən sonra hakimə boylanmasının səbəbi yerli ədalət təmsilçiləridi. Həmin referilər ki, külək möhkəm əsən kimi, qayda pozuntusu qeydə alan fitlərini çalırlar. Elə buna görə də Avropa Liqasının qrup mərhələsində ölkənin ən yaxşı komandası belə bu cür cərimələri axtarırdı… amma tapmırdı. Bugünkü qarşılaşmada isə Orxan Məmmədov sadəcə, möhtəşəm idi! Sərt mübarizəyə imkan verən, futbolçuların çığıraraq, yerə sərilmələrinə məhəl qoymayan referi, ən xoş sözlərə layiqdi.
Dəqiqələr ötür, “Zirə” qol vurmurdu ki, vurmurdu. Fasilədən sonra da oyunun axarı dəyişmədi. Yeganə dəyişən futbol ənənəsi oldu. “Vurmayana vurarlar” deyimi həmişə qüvvədə olsa da, “Xəzər Lənkəran” bunu öz interpretasiyasında təqdim etdi: “Siz vura bilmirsinizsə, biz avtoqolla bunu edərik”. Əlbəttə, həmin epizodda qonaq komanda bəxtsizlik yaşadı. Lakin bu avtoqol qeydə alınmasaydı belə, “Zirə”nin Orxan Sadıqlını məyus edəcəyi gün kimi aydın idi. Hadisələrin gedişatı bundan xəbər verirdi…
Amma qoldan sonra Adil Şükürovun yetirmələri hücumlarını davam etdirmədilər. Əksinə, tempi aşağı salmağa, vaxt öldürməyə can atırdılar. Gənc mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bunu etiraf etməyə özündə güc tapdı: “Hücumlarımızın sayı həqiqətən azaldı. Ötən tur “Rəvan”dan aldığımız məğlubiyyətin psixoloji təsiri bu oyuna da siraət etmişdi. İstər-istəməz futbolçular həmin nəticənin təsiri altında idi”.
Etiraf edim ki, qeydə alınan qoldan sonra elə bir cansığıcı oyun getdi ki, hamı tabloya boylanıb, final fitinin səslənməsini arzulayırdı. Nəhayət, iztirab sona çatdı və “Zirə” haqq etdiyi 3 xalı aktivinə yazdırdı.
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov oyundan sonra hakimlikdən narazı qaldığını bildirsə də, Orxan Məmmədovun idarəçiliyinə söz ola bilməzdi. İstedadlı mütəxəssis “cənubluların “sükanı arxası”nda imicinizi xərcləməkdən bezməmisiz”, sualını isə maraqlı cavabla qarşıladı: “Əgər siz jurnalistlər hesab edirsinizsə ki, müsbət imicim var, onda mövcud vəziyyətdə bunun xərclənməsini düşünməzsiz. Çünki vəziyyətimiz hər kəsə bəllidi. Həm də bu müddət ərzində milli komandaya yeni gənc futbolçular qazandırmışıqsa, deməli, zəhmətimiz hədər getməyib”. Əlbəttə, Hüseynov çox yaxşı məşqçidi. Nə yazıq ki, çalışdığı klubun rəhbərlərini nə futbol maraqlandırır, nə də milli. Rasim Ramaldanov getdi, Rahid Əmirquliyev də qışda “əlvida” deyəcək. Bəs kiminlə oynayacaq “Xəzər Lənkəran”? Bu sual oyuna gedərkən cənublu fanatları da düşündürürdü və onlardan biri yarı zarafat – yarı gerçək bu sözləri işlətdi: “Mais Mənsimovla Tuyqun Nadirov ikisi oynayacaqlar”. Hadisələrin axarı da elə buna doğru da aparır.
CEYHUN ƏLİYEV