Topaz Premyer Liqasında 14-cü turun qarşılaşmaları davam edir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" doğma meydanda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Əsgər Abdullayev qələbəni belə şərh edib: 
– "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridi. Bu gün də bunun şahidi olduq. Onların eyni səviyyədə oynayan iki heyəti var. Ancaq bu gün komandam verdiyim tapşırıqları tam yerinə yetirdi. Bunun da nəticəsində qalib gəldik.
– Elşən Abdullayev əvəzlənərkən sizə qarşı tərbiyəsizlik etdi. Bu barədə nə deyə bilərsiz?
– Oyundan çıxanda mənimlə görüşüb-görüşmədiyini görmədim. Onu əvəzləməyimə səbəb həm meydanın mərkəzində daha çox top saxlamağımız, həm də vaxt udmaq idi. Oyundan sonra bunu ona da başa saldım. O da anladı. Yəni ortada heç bir inciklik yoxdu.
– "Xəzər Lənkəran"la oyundan sonra Kaue deyib ki, Əsgər Abdullayev komandanı motivasiya etməyi bacarır. Ümumiyyətlə, bu motivasiya nədən ibarətdi.
– Samir Əliyev mənim ən çox sevdiyim insanlardan biridi. Mən komandaya gəldikdə futbolçuların psixoloji vəziyyəti yaxşı deyildi. Mən onlarla danışaraq, onlarda özünəinamı qaytardım.
– Çingiz Abdullayev qışda yeni – əcnəbi mütəxəssislə anlaşacaqlarını deyib…
– Mən karyeramı "Neftçi"də başlamışam və burada bitirmişəm. "Neftçi" mənə yad komanda deyil. Bu komandaya 3 günlük də lazım olsam, bu qədər kömək edəcəm.
Shares: