“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun ölkə telekanallarına çıxması nadir hallarda baş verir. Bu dəfə də ANS-ə çıxdı. Həmişəki kimi. Kimə hara yaxındı ora da çıxır. Amma Mənsimov kəlmə də olsa, “Xəzər Lənkəran”dan danışmadı.
Danışılası bir şey yox idi? Qardaşının öhdəsinə buraxdığı futbol klubu artıq arxa plandadı. Nə qədər desə də ki, biznesim uğurlu şəkildə davam edir, sahibi olduğu klubun əməkdaşlarının neçə aylardı maaş üzünə həsrət qalması, müqaviləyə riayət olunamdığı üçün sabiq futbolçularından palaz-palaz şikayət məktublarının FİFA-nın divarlarında oboy əvəzi işlədilməsi barədə danışmadı. Danışmadı ki, bəs dağılmaq ərəfəsində olan klubuna bu cür “çiçəklənən biznesi”ndən nəyə görə bir loxma ayırmır? Danışmadı ki, ölkənin ən varlı klubu olduğu dönəmlərdə nəyə görə Azərbaycanın adını Avropa meydanlarına çıxar-çıxmaz rüsvay etdiyi qardaşından niyə hesab sormurdu? Yəni həqiqətənmi bilmir ki, ölkə daxilindəki nəticə özünün, avrokuboklardakı isə Azərbaycanın imicidi?
Lənkəran klubu isə dağılmaq ərəfəsindədi. Rasim Ramaldanovun bezərək komandadan baş götürüb getməsi ancaq bir şeydən xəbər verir: futbolçu yalan vədlərdən təngə gəlib. Bu gün hamının gözü “Xəzər Lənkəran”ın simvolu sayılan Rahid Əmirquliyevdədi. Ancaq o da gedəcək. Getməsə, karyerasını batırmış olacaq. Əgər Mais Mənsimov – Tuyqun Nadirov tandemi düşünürsə ki, heyətdəki gənclərlə baş girləmək olacaq, yanılırlar. Çünki ölkə iqtisadiyyatının kəskin şəkildə pisləşməsindən sonra digər klubların milyonluq futbolçu saxlamağa imkanları qalmayıb. Deməli, “Xəzər Lənkəran”ın az-çox ayağı top tutan gəncləri də qış fasiləsində müxtəlif komandaların maraq dairəsində olacaqlar. Hətta 500 manat maaşa oynayan AZAL belə onlara daha şirin gələcək, nəinki “yaxşı olacaq” vədləri. Çünki iş-işdən keçib. “Yaxşı”dan əsər-əlamət qalmayıb. Çempionat yarı olub, Tuyqun Nadirov isə CAS-a şikayətdən, FİFA-nın ədalətsizliyindən dəm vurur. Millət medallar uğrunda mübarizə aparır, Mənsimovların komandalarının üzvləri isə məvacib uğrunda.
Yuxarıda əbəs yerə gənc futbolçuların baş götürüb gedəcəyindən bəhs etmədik. Elnur Cəfərovla Elşən Rzazadə də böyük ehtimalla qışda cənublularla yollarını ayıracaqlar. Çünki istənilən Premyer Liqa klubu (bura bir tək “Rəvan” daxil deyil) bəlli büdcəyə sahibdi. İstənilən PEŞƏKAR klubda futbolçuların, inzibati heyətin maaşları var. Özü də kağız üzərində yox ha, həqiqətdə. “Xəzər Lənkəran”da isə maaş söhbəti lotereyadan fərqlənmir. Ola bilər olsun, ola bilər (böyük ehtimalla) olmasın. Olmayanda isə qutudan “bəxtinizi bir daha sınayın” yazısı çıxır. Bəxtsiz futbolçular da bəxtlərini sınamaqdan bezib. Nə qədər sınamaq olar axı? Kimlərsə qaz vurub, qazan doldurub və bu gün Türkiyədən vəsaitin gəlməməsi onlara təsir etmirsə, sıravi məşqçi, həkim, inzibatçı üçün dolanışıq məhz aylıq məvacibdən keçir axı!
Yaxın günlərdə “Xəzər Lənkəran”da Müşahidə Şurası yaradılacaq. Köhnə borcları da yəqin ki, yeni rəhbərlik boynuna götürəcək. Mənsimovlar erası tarixin yaddaşına köçəcək. Azarkeşlər isə bir daha əmin olacaqlar ki, hər parıldayan qızıl deyil. Necə ki, Mənsimovların dönəmində səltənət içində üzən “Xəzər Lənkəran” ölkə adına rəzalətdən başqa bir şey gətirmədi.
CEYHUN ƏLİYEV