Futzal üzrə “milli komandamız” (sözün ağırlığına bir bax!) dünya çempionatına hazırlaşır. Bu məqsədlə də bir neçə milli futzalçımızla gücləndirilən “millimiz” əsl millimizlə yoxlama görüşü keçirib. Ölkəmizdə çıxış edən braziliyalıların gözünə bir neçə azərbaycanlını qatan Futzal Federasiyası gözdən pərdə asmaqla məşğuldu. Heç vaxt unutmayacam, 2009-da Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə ilk dəfə vəsiqə qazandığı ili. Ölkəmizi təmsil edən Braziliya, Ukrayna, Rusiyadan olan futzalçılara xitabən Rusiyanın “NTV+” kanalının aparıcısı “meydançaya beynəlmiləl Azərbaycan yığması təşrif buyurur” kimi alçaldıcı ifadə işlətdi. Özü də tam haqlı! 
İllər ötüb, bu gün də futzal yığmamızda vəziyyət dəyişməyib. Sadəcə, İtaliyaya da üz tutub bizim Futzal Federasiyamız. Əgər inkişaf dünya xəritəsində yer alan daha çox ölkə təmsilçilərini milliləşdirməkdisə, deməli, Azərbaycan öncüllər sırasında yer ala bilər.
Amma mövcud durum bir şeydən xəbər verir: ölkəmizdə həqiqətən olan bir idman növü məhv edilib. Rauf Salamov, Mahir Eyniyev, Allahverdi Babayev, Baba Əsgərov, Ağatahir Əzimov, Natiq Məmmədkərimov, Zaur Ramazanov, Rizvan Fərzəliyev, Rəcəb Fərəczadə, Vitali Borisov kimi ulduz futzalçılarımız olub. Onlardan üçü hələ də peşəkar karyeralarını davam etdirir. Bu gün də hər üçü milli komandaya cəlb olunur. Sadəcə, Ağarza Rzayev federasiya prezidentliyindən uzaqlaşdırıldığı vaxt həmin oyunçular gənc idilər. 
Futzal Federasiyasına Zaur Axundovun təyinatından sonra nəticələr yaxşılaşıb. Buna heç kimin şübhəsi yoxdu. Amma bu nəticələr inkubator cücəsi kimi bir şeydi. Çəmənlikdə yetişdirilən toyuq ətinin dadını inkubator cücəsi ilə müqayisə edə bilərsiniz? Bax, futzal millimizin nəticələri də həmin inkubator cücəsi təamını verir. Çünki Azərbaycan bu gün “beynəlmilər yığması” kimi tanınır.
Hə, qayıdaq “milli” ilə millinin qarşılaşmasına. Həmin oyunun nəticəsi 10:1 olub… milliləşənlərin xeyrinə. Bu da əsl inkişaf. Bir ölkənin yığmasının 10 qolundan 8-ni Edu, Auqusto, Rafael, Andre de Kampos, Amadeu vurur, bu idman növünün harasından danışasan? Biz danışmağa xəcalət çəkirik. Bəs AFFA-dakı məmurlar necə, bu qədər pasport paylayıb, vətəndaşlıq verdikləri üçün xəcalət çəkirmi? Pulsuzluq dönəmində yetişən futzalçıların davamının milyonlar xərcləndiyi bir zamanda gəlməməsindən xəcalət çəkirlərmi? “Yerli gəncləri yetişdiririk” ifadəsini işlətməkdən xəcalət çəkirlərmi? Kimi aldadırsınız? Yenə qadınlardan ibarət yığmalarda süni surətdə “ərə verib” soyadını azərbaycanlılaşdıra bilirsiniz, futzalçıları ki, “ərə vermək” olmur!
Dağıdıb-tökdüyünüz futzalı bərpa etmək üçün on illər lazımdı. Heç olmasa, nə qədər ki, iş qabiliyyətinə malikdilər, Hacıbala Abdullayev, Elman Ələkbərov kimi mütəxəssislərin nörmal işləməsi üçün şərait yaradın, küsdürdüyünüz onlarla mütəxəssisi geri qaytarın. Onlar bu idman növünə yad isimlər deyil, bu yolda canlarını qoyublar. Onları qaytarın! Qaytarın ki, itirilmiş illərin üstünə növbəti on illiklər gətirməyəsiniz.
CEYHUN ƏLİYEV
Shares: