Hazırda A kateqoriyası kurslarını oxuyan gənc mütəxəssis Emin Quliyevdən “Rəvan”dan ayrıldıqdan sonra xəbər yoxdu. Futbolinfo.az saytına müsahibəsində Topaz Premyer Liqasının ən qeyri-peşəkar klubunun sabiq çalışdırıcısı hazırkı durumu, habelə “Rəvan”lı günlərindən danışdı:
– Hazırda imtahanlar veririk. İnanıram ki, uğurlu alınacaq.
– Sabiq köməkçiniz – Rövşən Babayev “Sumqayıt”ın əvəzedicilərinin baş məşqçisi təyin olundu. Sizə necə, heç bir yerdən dəvət gəlməyib?
– Xeyr, hələlik sakitçilikdi. Həm də hələ çempionat davam edir. Qiş fasiləsinə bir qədər vaxt var.
– Artıq xeyli müddətdi ki, “Rəvan”dan ayrılmısınız. İndi soyuq başla yaşananları daha sakit tərzdə təhlil edə bilərsiniz. Nə baş vermişdi, nə dəyişdi? Axı, eyni futbolçularla məğlubiyyətləri sıralayan komanda son turlarda xallar toplamağa başlayıb…
– Lənkəran səfərindən xalla döndükdən sonra rəhbərliyə uşaqları mükafatlandırmaq lazım olduğunu bildirdim. Qulaqardına vurdular, dedilər ki, pulumuz yoxdu. Futbolçunu həvəsləndirməlisən ki, növbəti oyunda bundan da artıq həvəslə, əzmkarlıqla mübarizə aparsın. Komandaya qətiyyən diqqət göstərilirmirdi. Bir neçə oyunçunu heyətdən kənarlaşdırdım ki, əvəzində lazım olan mövqelərə 1-2 sanballı futbolçu alaq. Amma hərəsi ilə bağlı bir bəhanə səsləndirib, heç kimi almadılar. Çempionatın startında normal futbol sərgiləyən oyunçular daha sonra uşaq səhvləri etməyə başladılar. Maraqlıdı ki, mənim dövrümdə qazanılan xala mükafat verə bilmirdilərsə, “Qarabağ”a məğlub olduqdan sonra futbolçulara pul paylayıblar.
– Futbolçuların meydanda can qoymamalırının səbəbi kənar qüvvələrin təsiri nəticəsində baş verirdi?
– Heç kimin babalını yumaq istəmirəm. Bütün nankorluqlara əl atanlar Allah qarşısında cavab verəcəklər. Ad çəkmək istəmirəm. Onsuz da, kənardan da kimlərin hansı əməllərə əl atdıqları aşkar görünürdü.
– Maraqlıdı, “Rəvan”da işləyən Bəhmən Həsənovu nəyə görə ilk turlardanca baş məşqçi təyin etməyib, Emin Quliyevə üz tutdular? Çempionat da “bismillah” etməmiş, Quliyevi Həsənovla dəyişdirdilər?
– Vallah, bu sualın üstündə o qədər düşünmüşəm ki. Heç bir normal cavab da tapa bilməmişəm. Görünür kimlərəsə hadisələrin məhz bu cür cərəyan etməsi sərfəli imiş ki, belə edildi.
– Emin bəy, əlbəttə, biz mülahizələr irəli sürüb, Bəhmən Həsənovun və onun bu posta yenidən gətirilməsində maraqlı olan şəxslərin adlarını hallandıra bilərik. Amma siz hadisələrin içində olmusunuz…
– Ad çəkməyəcəm. Əsas odur ki, özləri nə etdiklərini sizdən də, mən də lap yaxşı bilir. 
– “Rəvan”dan incik ayrılmısınız. Bu, yenidən təklif gəlsə, qəti şəkildə qəbul etməyəcəyiniz anlamına gəlirmi?
– Yalnız bir halda qəbul edə bilərəm: klubun evini yıxanları oradan qovdurmaq şərti ilə!
CEYHUN ƏLİYEV
Shares: