Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Xəzər Lənkəran” – “Kəpəz” (1:0) oyunundan sonra Gəncə klubunun futbolçularına bir günlük istirahət verilib. Futbolinfo.az xəbər verir ki, "sarı-göylər" Topaz Premyer Liqasının XV turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlıqlarına sabah start verəcək.
Komanda “Dalğa Arena”da məşq edəcək. “Kəpəz”in dekabrın 4-nə təyin olunan məşqi saat 11:00-da başlayacaq.
“Sumqayıt”la səfərdə görüşəcək Şahin Diniyevin komandası dekabrın 5-i və 6-da da hazırlıq prosesini adı çəkilən stadionda keçirəcək. Rəqibin ev oyunlarının keçirdiyi “Kapital Bank Arena”nın da ot örtüyü “Dalğa Arena” kimi süni olduğundan məşqçilər korpusu oyun öncəsi son məşq üçün Sumqayıta yollanmağı lazım bilməyib.
Sonda qeyd edək ki,“Sumqayıt” – “Kəpəz” oyunu dekabrın 7-də saat 17:00-da başlayacaq.