Bu gün Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsinə yekun vurulur. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma meydanda 1-ci divizion təmsilçisi "Mil-Muğan"ı 7:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.
Qəbələ şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib: “Hər bir oyunda qazanılan qələbə önəmlidir. İstənilən qələbə psixoloji cəhətdən komandaya kömək edir. Bu baxımından rəqibin fərqi yoxdur. 9 oyundur qələbə qazana bilmirdik. 9 oyundan 7-də biz istədiyimiz kimi oynamışıq. Yaxşı hücumlar qurmuşuq, sadəcə, qələbə qazana bilməmişdik. Düşünürəm ki, bu seriya “Mil-Muğan”la oyunla yekunlaşır. İstərdim ki, bu qələbə ilə başımıza gələn bütün pisliklərin “boynunu buraq”.
“Mil-Muğan”ın məşqçisi Elşən Hüseynov isə bu sözləri deyib: “Qəbələ” klubunu təbrik edirəm. Hava şəraitinə hazır deyildik. Bundan əlavə, əsas heyətin 6 futbolçusu “Qəbələ”yə qarşı oynaya bilmirdi. Rəqib güclü komandalardan biri idi. Biz bu oyuna nəzərən səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.