Azərbaycan kubokunun 1/8 final mərhələsinin qarşılaşmaları 4 klub üçün əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, onlardan ikisi yubiley, biri ən böyükhesablı qələbəsini qazanıbsa, digəri hər iki göstəricidə fərqlənib.
1/8 finalda qalib gələn komandalardan 4-ü yubiley qələbəsini qazanıb. “Şəmkir”i 2:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkə kubokunda 75-ci dəfə qalib gəlib. Buna 124-cü matçında nail olan Ağdam təmsilçisi bu yarışda qazanılan qələbə sayında yalnız “Neftçi”dən geri qalır. Bakılıların 83 uğuru var.
“İnter” bu göstəricidə 40-a çatıb. Bakılılar “Turan Tovuz”u səfərdə 3:1 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisi buna 67-ci matçında nail olub. “İnter” 40 və daha çox qələbə qazanan 5 komandadan biridir. “Mil-Muğan”ı 7 cavabsız qolla keçən “Qəbələ” isə 20-ci kubok qələbəsini əldə edib. Əyalət klubu 43-cü görüşdə yubiley qeyd edib.
“Neftçi” və “Qəbələ” klub tarixinin kubokdakı ən böyükhesablı qələbəsini qazanıb. Sonuncuların əvvəlki rekordu 2006-cı ildə qeydə alınmışdı. Həmin vaxt Quba “Şahdağ”ını 6:0 hesabı ilə məğlub edən Qəbələlilər “Mil-Muğan”la qarşılaşmada 1 top artıq vurmağa nail olub. 2007-ci ildə Qusar “Şahdağ”ını 7:0 hesabı ilə yenən “Neftçi” “Qaradağ Lökbatan”ı 8 cavabsız qolla keçib. Bu nəticələr məğlub olan komandalar üçün də kubokdakı ən ağır yenilgi olub.
Ümumiyyətlə, isə ölkə kubokunun 23 illik tarixində 20-ci dəfə bir komanda 8 və daha çox top fərqi ilə qalib gəlib. “Bakı” hamıdan çox – 4, “Şəfa”yla “Kəpəz” hərəyə 3, “Xəzər Lənkəran”la “Kür” hərəyə 2, “Qarabağ”, “Qarabağ-2”, “Ümid” (Cəlilabad), “Kürmük”, “Simurq” və “Neftçi” 1 dəfə belə qələbə qazanıb. Ölkə kubokunun ən böyük hesabı “Şəfa”nın hesabındadır. 1997-ci ildə HHQ İK, 2003-cü ildə “Lider Qarabağ”la matçların hər ikisində bakılılar 14 cavabsız qol vurub.