“Xəzər Lənkəran”ın yarımmümüdafiəçi Kamran Abdullazadənin futbolinfo.az saytına müsahibəsi:
– Əvvəla “Kəpəz”lə ölkə kuboku çərçivəsində keçirilən matçla bağlı fikirlərini bilmək maraqlı olardı. Gəncə klubunu məğlub edib, mərhələ adladınız.
– “Kəpəz”lə oyuna böyük istəklə çıxmışdıq. Məlum məsələdi, ölkə çempionatında işlərimiz elə də yaxşı getmir. Ümidlərimiz ölkə kubokunadı. Bunu bacardığımıza görə şadam. Çox istərdik ki, kuboku qazanaq. Sevinirəm ki, nəticə uğurlu alındı. 
– Özünüz də qeyd etdiyiniz kimi hazırda “Xəzər Lənkəran”da ciddi problemlər var. Komandada psixoloji vəziyyət nə yerdədi?
– Futbolçularımızın sayı azdı. Demək olar ki, hər dəfə 10-11 oyunçu ilə məşq edirik. Futbolçu azlığından əziyyət çəkirik. Bu da yanvarda düzələcək. 
– Klub rəhbərliyi yanvardan sonra vəziyyətin necə olacağı ilə bağlı sizə nəsə deyib?
– Bunu özləri daha yaxşı bilərlər. Amma bizə hər şeyin yaxşı olacağını deyiblər.
– Lənkəranda dolu tribunalarda azarkeşlərin çılğın dəstəyini görməyə öyrəşmişik. Lakin indi vəziyyət göz qabağındadı. Boş tribunalar qarşısında oynamaq sizə necə təsir edir?
–  Ələbttə, bu bizə pis təsir edir. Komandamız məğlub olduqca, onlar da bizdən küsüb, inciyir, oyunlara gəlmir. Amma matçlarda əlimizdən gələni edirik. Vəziyyətimiz çətindi, bizi də başa düşmək lazımdı. Futbolçularımız azdı, tam kollektiv yığılmayıb. Əksər oyunçumuz gəncdi. Yanvardan sonra hər şey düzəlcək. Amma onlar da bizi qınamasın, başa düşsünlər. Hər oyun eyni heyətlə meydana çıxırıq. Bir nəfər də zədələnəndə çətin vəziyyətə düşürük.
– Vəziyyət daha da pisləşsə, sənin də “Xəzər Lənkəran”ı tərk etmək fikrin varmı?
– Bunu zaman göstərəcək. İnanıram ki, həmişə “Xəzər Lənkəran”da qalaram. Allah eləməsin ki, vəziyyət daha da pisləşsin.
– Başqa klublardan təkliflər almısan?
– Xeyr, hələ ki, heç bir təklif almamışam. 
– Ölkə kubokunun növbəti mərhələsindəki rəqibiniz “Neftçi” olacaq. Düzdü, hələ oyuna çox var. Necə düşünürsən uzun müddətdi qalib gələ bilmədiyiniz əzəli rəqibinizi məğlub etmək mümkün olacaqmı?
– “Neftçi” ilə rəqib olacağımıza görə sevinirik. Çünki bu, özümüzü Lənkəran camaatına sübut etmək üçün yaxşı fürsətdi. “Neftçi”ni məğlub edib, mübarizədən kənarlaşdırmaq üçün oyuna ciddi hazırlaşacağıq. Bəlkə belə olsa, azarkeşlərmizin bəziləri tribunalara qayıdar. 
– Ümumiyyətlə, gələcəkdə nə vaxtsa səni “Neftçi”də görə bilərikmi?
– Bu heç vaxt mümkün olan şey deyil (gülür). Futbolsuz qalsam da, 1 milyon da təklif etsələr, bu klubda oynamaram. Mənim fikrim belədi. 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp