Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində hesabda 2 dəfə geri düşən “Kəpəz” Sumqayıtdan 1 xalla qayıtmağı bacardı. Oyuna əvəzetmədən daxil olan Aleksandr Sitnik Gəncə təmsilçisinin ilk cavab qoluna imza atmağı bacardı. Qarşılaşmadan sonra ukraynalı forvard futbolinfo.az saytına müsahibə verib:
– Ağır oyun oldu. Amma ilk yarıda əldə etdiyimiz epizodları qola çevirə bilsəydik, fasilədən sonra daha asan olacağını düşünürəm. Ancaq futbolun yazılmayan qanunu bizi əfv etmədi: “Vurmayana vurarlar”. Hesabda geri olan komandanın oyunu xilas etməsi həmişə ağır olur. Rəqib də xoş sözlərə layiqdi.
– İlk yarıda həqiqətən də komanda yoldaşlarının qol imkanları oldu. Ancaq futbol adına hansısa düşünülmüş kombinasiyaya şahidlik etmədik. Yəni, həmin epizodlar zərurətdən deyil, təsadüfdən yaranırdı. Ümumilikdə isə nə “Kəpəz”, nə də “Sumqayıt” futbol adına heç nə göstərmədilər. Yalnız fasilədən sonra qarşılıqlı hücumlar və məzmunlu futbola şahidlik etdik…
– Fikrinizə hörmətlə yanaşıram, amma zənnimcə, ilk 45 dəqiqədə oyuna tam nəzarət edirdik. Bir neçə qol epizodları da yaratdıq. Sadəcə, bu fürsətlərdən yararlana bilmədik.
– Hesabda geri düşdükdən dərhal sonra baş məşqçi səni "döyüş"ə atdı. Matçın gedişində, özü də uduza-uduza oyuna qoşulmaq çətin deyil?
– Bu suala birmənalı cavab verməkdə çətinlik çəkirəm. Belə deyərdim: yarıbayarı. Doğrudu, isinmə hərəkətləri edirəm və hər an meydançaya daxil olmağa hazıram. Elə qarşılaşmalar olur ki, əvəzetmədən oyuna daha yaxşı qoşula bilirsən, bəzən isə start heyətində çıxdıqda, özünü daha rahat hiss edirsən. Məşqlərdə var gücünlə çalışmalısan ki, istənilən an oyuna daxil ola biləsən.
 
– Qışda komandadan ayrılacağın barədə məlumatlar dolaşır…
– Mətbuatın nə yazdığından məlumatım yoxdu. Ancaq yayadək müqaviləm var. Hələlik komandanı tərk etmək barədə düşünmürəm. Doğrudu, sabah nəyin baş verəcəyini deyə bilmərəm.
– Demək olar ki, çempionat yarılanıb və heç kimin gözləmədiyi hada “Kəpəz” medallara iddialılar sırasında qərarlaşıb. Avrokubok şanslarınızı necə dəyərləndirirsən?
– Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Nəyə nail olacağımızı isə mövsümün sonunda xalları hesabladıqdan sonra biləcəyik. Əlbəttə, klub rəhbərliyi də, məşqçi heyəti də, biz – futbolçular da Avropa Liqasına vəsiqə əldə etmək istəyirik. Amma bu arzumuza çatıb-çatmayacağımızı indidən deyə bilmərəm. 
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp