AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun bir jesti çox xoşuma gəldi. Dünən baş tutan “Rəvan”la matçın startında qaçırılan qol epizoduna görə hamı dəli olardı, o isə fərqli davrandı.
2-ci dəqiqə. “Təyyarəçilər”in lideri Aleksandr Quruli rəqib futbolçuları çaş-baş salıb  topu qapının önündə nəzarətsiz qalan Aydın Qasımova ötürür. Premyer Liqada yalnız çarəsizlikdən oynadılan gənc hücumçu isə 3-4 metrdən iki dəfə böyük, həm də boş olan qapını nışan ala bilmir. Onun toxunuşundan sonra həm top az qala künc bayrağının yanından meydanı tərk edir, həm də ondan da ideal vəziyyətdə olan Nuqzar Kvirtiyanın fərqlənmək şansı itir.
Hamı futbolçunu danlayır, epizodda olan iki gürcü isə daha çox əsəbləşir. Əhmədov təəssüflənsə də, futbolçunu ruhlandırır, hətta Nuqzarı da buna məcbur edir. Kvirtiya da yaxınlaşıb futbolçuya təsəlli verir, daha sonra kapitan Rail Məlikov gənc futbolçuya yaxınlaşıb onun başını sığallayır, ruhdan düşməməyə həvəsləndirir. Bəlkə də bunun sayəsində oyunda 3 real qol vəziyyətinin hamısında Aydının adı çəkilir. Baxmayaraq ki, hamısında o, şansını boşa verir, əvəzində gənc futbolçu sınmır.
2-ci hissə təzə başlayıb. Tərlan Əhmədov yenə futbolçularını əvəzləyir, onları qorumaq üçün daha bir jest edir. Səhv edən oyunçusuna rəhbərliyin əyləşdiyi tribunadan deyilən hansısa sözü həzm edə bilmir. Qrşısında dayandığı ehtiyat oyunçular skamyasının qabağından VİP-lojaya səslənir: “Zaur, sakit olun”. Sonra öz-özünə deyinir: “Ağıllı olublar mənim üçün. Gəlin, məşqçi işləyin də. Bu şərait, bu heyətlə hələ futbol da istəyirlər”.
Həmin tribunada əyləşənlərin çoxunu tanımıram. Vitse-prezident Fikrət Hüseynova qarşı belə etməz, möhkəm dost, bəlkə də bir-birinə dayaqdılar. Digər vitse-prezident Vaqif Qasımov? Düzü, çılğın Qasımov oyunçulara tez-tez irad bildirməsi ilə tanınır. Bəlkə elə göstəriş verən o idi, dəqiq görə bilmədim. Yəqin ki, elə onun və ya ortada yeyib qıraqda gəzən, layiq olmadığı maaşı almaqla yüksək post tutan oğlu İlkin Qasımovun replikası Əhmədovu bu qədər hirsləndirə bilərdi. Axı, onlar mehriban düşmənlərdi.
Hətta atmacanın müəllifi sıradan bir işçidisə də, Əhmədovun ədalı göstərişi başqa mətləbdən xəbər verir. Yəni ki, burada ağa mənəm, siz qarışa bilməzsiz. Bunu Hüseynovun, Qasımovun sakit qarşılaması ya diligödək olmağın, ya da məşqçiyə böyük hörmətin nəticəsidi. İstəmilən halda, Əhmədov bu epizodda da futbolçusunu qoruya bildi.
Matçın sonlarında üçüncü jest. Nuqazar Kvirtiya rəqibin dirsək zərbəsindən sonra yerdə qalır, ara qarışır. Rəqibin üzərinə yeriyən Tagim Novruzova tribunadan təpki var. VİP-lojanın önündə əyləşən, “Rəvan”da məşqçi kimi çalışan Toğrul adlı birinin Novruzova qarşı yolverilməz ifadəsinin cavabını yenə Əhmədov verir. O, öz oyunçularını sakitləşdirib həmin məşqçiyə qarşı da sərt davranır.
Matç bitir. Mətbuat konfransından sonra stadionu tərk edən Tərlan Əhmədov bu dəfə jurnalistlər önündədi. Adi “salam-sağ ol” mərasimi. Bu dəfə də dilini dinc qoymur, futbolinfo.az-ın əməkdaşı ilə görüşərkən bu dəfə öz qayğısına qalır: “Oooo, məndən yazan oğlan”. Cavabını da alır, ancaq söhbətin böyüyəcəyindən ehtiyat edib, reaksiya verməyə cəsarət göstərmir…
FƏRİD
P.S.: Lazım gəlsə, davamı olacaq
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp