“Rəvan” rəhbərliyinin gücü yalnız öz azarkeşinə çatır. Klubun aşağı yaş qruplarının üzvlərindən ibarət olan dəstəni bir yerdən başqa yerə sürgün etdirməklə sanki işgüzar imic formalaşdırırlar. Əslində isə onların hansı bacarığa sahib olduğunu görmək üçün bəzi məqamlara diqqət yetirmək kifayət edir.
Bazar ertəsi baş tutan “Rəvan” – AZAL matçı saat 20:00-a təyin olunmuşdu. Hamının soyuq dekabr havasında evinə qaçdığı bir zamanda “Bayıl Arena”da futbol var idi. Turun hansısa vacib oyunu və ya liderlərlə qarşılaşma olsaydı, başa düşmək olardı. İş ondadı ki, “aslanlar”ın aytsayder AZAL-la görüşü də məcburən tribunada əyləşdirilən azyaşlıların bir çoxunun yatmaq vaxtına təsadüf etmişdi. Oyun 22:00-da qurtarır, daha sonra evə getmək üçün yol, üstəgəl, evə çatandan sonra qidalanmaq, ertəsi günün dərslərinə hazırlaşmaq üçün sərf olunan vaxtı hesablayın. Görün gücə 2-3-də yatan uşaqların nə qədər problemi ortaya çıxır?
Bəs, niyə “Rəvan”ın bütün ev oyunları saat 20:00-a təyin olunur? Cavab sadədi: klub rəhbərliyi acizdi, bəlkə də ələbaxandı, icarəyə götürdükləri “Bayıl Arena”da başqa vaxt oynamalarına icazə verilmir. Bu stadionda günün müxtəlif saatlarında fərqli tədbirlər keçirilir, saat 18:00-da isə “Mançester Yunayted” məktəbinin saatyarımlıq məşqi başlayır. Bu üzdən də “Rəvan” Bayılın gecə sakini olmağa məhkumdu. Onların nə AFFA, nə sözügüdən məktəb, nə də stadion rəhbərliyinə söz demək hüququ yoxdu.
Vəziyyət o qədər acınacaqlıdı ki, oyundan öncəki hazırlıqlar zamanı da meydançada qarışıqlıq yaranır. Uşaqların məşqi 18:30-da bitdiyindən qazonun bir tərəfində uşaqlar, digər hissəsində Premyer Liqa klubları məşq edir. Yalnız oyuna qalan son yarım saatda meydan “Rəvan”ın istifadəsinə verilir. Diligödək, bacarıqsız “Rəvan” rəhbərliyinin isə oyunu 20:00-dan tez başlamaq şansı qalmır.
Stadion rəhbərliyi “Rəvan”ın özündənrazı rəhbərliyini o qədər hörmətsiz hesab edir ki, hər fürsətdə bunu büruzə verir. Dünən matç bitincə projektorların söndürülməsi də buna nümunə idi. Qazonun kənarında yayımçı şirkət canlı efir üçün müsahibə götürərkən işıqları söndürən stadion işçiləri bununla sanki “Rəvan”ın gücünün yalnız 22:00-a kimi icarə haqqını ödəməyə çatdığını demiş oldu.
Bəli, öz azarkeşinə belə hörmət etməyən “Rəvan” rəhbərliyi yalnız buna layiqdi. Matçın əvvəlində həmişə üzbəüz tribunada əyləşən qondarma fan-klubu VİP-lojanın altındakı sektorda əyləşdirən, oyun başlayan ərəfədə onları əvvəlki yerlərinə göndərən rəsmilər elə buna layiqdi.
Fan-klub adlandırılan, əslində isə klubun azyaşlı futbolçulardan ibarət olan azarkeşlərin “sürgün edilməsinin” səbəbini öyrənə bilmədik. Ola bilsin, oyun canlı yayımlandığı üçün operatorların kameralarını tuşladığı sektoru “bəzəməklə” kimlərəsə “futbola qayğı göstəririk” mesajı vermək istədilər. Bəlkə də azarkeşlərin səs-küyü “kabinet adamları”nın xoşuna gəlmədi. Axı, “Rəvan” uğursuz çıxış edərkən tribunada izi-tozu olmayan, ardıcıl yaxşı nəticələrdən sonra isə stadionlarda görünən klub prezidenti Samir Məliksoyun, eləcə də klubun hamisi olan şirkətin rəhbər şəxslərinin rahatlığı pozula bilər.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp