Dünən Amil Yunanova Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində baş tutan “Sumqayıt” – “Kəpəz” görüşünün qəhrəmanı olmağa saniyələr çatmadı. Komandasını 2-ci dəfə hesabda önə keçirən futbolçu qol sevincini baş məşqçisi Samir Abasovla bölüşməyə tələsdi. Amma son dəqiqədə təyin olunan penalti və bərabərlik qolu Yunanovun sevincinə “soğan doğradı”. Futbolinfo.az saytına verdiyi müsahibədə 22 yaşlı futbolçu keçmişindən də danışdı, gələcək perspektivindən də:
– Ağır oyun alındı. Bunu əvvəlcədən də təxmin edirdik. Təəssüf ki, qələbəni son anda düz yerdə qol buraxaraq, əldən verdik. Ancaq bu, acı reallıqdı. Qismət belə imiş. Bu, futboldu və bu idman növündə belə hallar qaçılmazdı.
– “Sumqayıt”ın heyətində ilk qolunu vurdun. Sevincini böyük çılğınlıqla ehtiyat oyunçular skamyasına tərəf yürüməklə qeyd etdin. Əvvəlcədən söz vermişdin ki, qol vursan, ora qaçacaqsan?
– Yox, heç kimə söz verməmişdim. Sadəcə, “Sumqayıt”da ilk qolum idi. Məşqçilərin üstünə qaçdım, mənə etimad göstərdikləri üçün təşəkkürümü bildirirdim. Eyni zamanda, komandamızın qələbə qolunu vurduğumu zənn edirdim. Heyf ki, düşüncələrimdə yanıldım.
– “Qəbələ” akademiyasının yetirməsisən. Doğma komandandan ayrılmağının səbəbi nə idi?
– Bir ilə yaxın zədələr məni təqib etdi. Formamdan xeyli uzaq düşmüşdüm. Ötən mövsüm 1-cii divizionda çıxış edən “Rəvan”ın şərəfini qorudum. Bir qədər orda özümə gəldim. Ancaq növbəti 2-3 ayı klubsuz qaldım, Premyer Liqa təmsilçilərindən heç bir təklif gəlmirdi. Lakin çempionat yenicə start götürmüşdü ki, “Sumqayıt”ın ovaxtkı baş məşqçisi Aqil Məmmədov məni komandaya dəvət etdi. Ancaq etiraf edim ki, həmin vaxt formada deyildim. Özüm də bunu yaxşı başa düşürdüm. Ancaq addım-addım irəliləməyə başladım. Samir müəllim (komandanın baş məşqçisi S.Abasovu nəzərdə tutur – red.) də sağ olsun ki, mənə etimad göstərməyə başladı. “Qəbələ”yə qarşı 10 dəqiqə oynatdı, Kubok qarşılaşmasında şans verdi, bu gün yenidən etimad göstərdi. Bu da özüməinam hissini artırır. Üstəlik, bu gün qol da vurdum və bu da gələcək oyunlar üçün əlavə stimul oldu.
– “Qəbələ”də oynadığın zaman əməliyyat olundun və belə şayiələr gəzirdi ki, klub bu xərcləri üzərinə götürmədiyi üçün onlardan incik düşmüsən…
– Xeyr, əksinə, deyərdim ki, “Qəbələ” rəhbərliyi mənə xüsusi simpatiya bəsləyirdi. Həmin komandada 5 ildən artıq oynamışam, bombardir olmuşam. Neçə-neçə məşqçilərlə çalışmışam, hər zaman da rəhbərlik mənə dayaq durub. Ancaq Ramiz Məmmədovun gəlişindən sonra vəziyyət dəyişdi. Məni göndərdi əvəzedici heyətə. Bundan sonra məşqlərimin intensivliyini artırdım. Yenidən əsas komandaya qayıtmaq üçün əlimdən gələni edirdim. Elə bunun nəticəsi idi ki, yüklənmələrə tab gətirmədim və zədələndim. Sonradan “Neftçala”ya icarəyə verildim. Ancaq burda da baş məşqçi mənə etimad göstərmədi. Altı aydan sonra “Qəbələ”yə qayıtdım. Orda isə hiss etməyə başladım ki, münasibətləri dəyişib, məni istəmirlər. Belə bir söhbət eşitmişdim ki, “Qəbələ” hücum xəttində azərbaycanlı futbolçulara üstünlük vermək istəmir. Məcburiyyətdən 1-ci diviziona üz tutdum. Orda isə səviyyə xeyli aşağıdı. Ora düşdünsə, qalxmaq xeyli çətin olur. Çünki 1-ci diviziona diqqət ayrımırlar, oyunları izləmirlər. Elə buna görə də yenidən Premyer Liqaya qayıtdığıma görə çox sevinirəm. 
– Hesabda 2-ci dəfə önə keçdikdən sonra komanda yoldaşların tez-tez yerə sərilir, hər vəchlə vaxt udmağa can atırdılar. Bu, simulyasiyalar barədə nə deyə bilərsən?
– Deməzdim ki, biz simulyasiyaya əl atırdıq. Sadəcə, oyunun sonlarına yaxın futbolçularda yorğunluq daha qabarıq şəkildə özünü büruzə verməyə başlayır. Eyni zamanda, zədələr də ola bilər. Baş məşqçimiz bizə tapşırıb ki, hesabda öndə olsaq belə, heç vaxt bu üsullara əl atmayaq. Oyunun vaxtını uzatmaq futbolçuya yaraşmaz. 
– Amma Samir Abasov az öncə başa çatan mətbuat konfransında qapıçınız Tərlan Əhmədlini simulyasiya etdiyinə görə cəzalandırdığını bildirdi…
– Bu məsələdən xəbərim yoxdu.
– Qarşıdakı hədəflərin nədi: qışda “Sumqayıt”dan daha iddialı komandaya keçmək istəyirsənmi?
– İlk hədəfim odu ki, “Sumqayıt”dakı yerimi möhkəmləndirim, daim start heyətində meydançaya çıxmaq şansı qazanım. Komandamızda rəqabət güclüdü. Maksimum səy göstərib, ön sıralara çıxmağa çalışacam. Komandamın heyətində çox oyuna çıxmaq şansı qazansam və bu görüşlərdə özümü yaxşı tərəfdən göstərməyi bacarsam, niyə də daha irəliyə getməyim?
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp