Gözdən uzaq olan 1-ci divizionla bağlı redaksiyamıza xeyli siqnallar daxil olur. Oyunların totalizatora qoyulması barədə hələ ötən mövsüm konkret sübut-dəlil gətirmişdik. Cari mövsüm də istisna təşkil etmir. Bu qarşılaşmalardan bəzilərinə hətta dünyanın aparıcı bukmeker kontorlarında pul yatırımı qəbul edilməsi şübhələrə xeyli əsas verir.
Dünən baş tutan “Bakılı” – “Bakı” oyununa da məşhur “William Hill” bukmeker kontorunda pul qoyuluşları qəbul edilirdi. Oyunun gedişatında əmsalların ildırım sürəti ilə dəyişməsi xeyli maraqlı görünür. Məsələn, meydan sahibləri hesabı açan kimi “Bakılı”nın qələbəsinə olan əmsal 1,23-ə ensə də, bundan bir neçə dəqiqə sonra 1,55-ə yüksəldi. Ancaq bu əmsal da çox sürmədi və addım-addım enişə doğru getdi.
Hesab 3:0-a çatdıqdan sonra isə diqqətçəkən əmsallardan ən şirini növbəti qolun hansı komanda tərəfindən vurulacağı idi ki, burda yatırılan məbləğin üstündə 80 faiz qazanc əldə etmək olardı. Oldu da. Pula yatıranlar qazandı.
Xatırladaq ki, adı oyun alqı-satqısında ən çox hallanan 1-ci divizionun əbədi sakini “Bakılı”dı. Elə ötən mövsüm “Göyəzən”ə ilk yarıdan sonra 0:1 məğlub olacağını, amma yekunda 2:1 qalib gələcəyini də futbolinfo.az saytı oyundan əvvəl xəbər vermişdi… “Bakılı” isə 1-ci diviziondakı “fədakar” çıxışını davam etdirməkdədi.
Dünənki oyuna gəlincə, əlimizdə konkret faktlar olmasa da, bir sıra məqamlar diqqət çəkirdi. Stadionda olan əməkdaşlarımız bir sıra olaylara şahidlik edib.
Əvvəla, hətta Azərbaycanda diqqət çəkməyən bir oyunun məşhur “William Hill” bukmeker kontorunda canlı mərcə qoyulması diqqət çəkir. Müşahidələrimizə əsasən deyə bilərik ki, meydan sahiblərinin 2.00 ilə ölçülən qələbə əmsalına xeyli pul qoyulmuşdu. İlk yarıda qələbənin əmsalı daha çox idi və bura para yatırılması da mümkün idi. Bəlkə də bu səbəbdən “Bakılı”nın prezidenti Misir Əbilov yalnız ilk yarını izləyib arenanı tərk etdi.
Bir həftədi məşqə çıxmayan, bu üzdən aparıcı üzvləri oynamayan, aylardı maaş almayan “Bakı”nın bəzi üzvlərinin bu “oyun”a getməsi də istisna deyil. İlk yarıda buraxılan qolların uşaq səhvlərinin nəticəsi olması da şübhələrə əsas verir. İkinci yarıda ancaq müdafiənin qayğısına qalan “Bakılı” oyundan qazanclı çıxmışa bənzəyirdi.
Tribunalarda da maraqlı olaylar baş verirdi. Oyuna pul qoyuluşu dayandırıldıqdan sonra “stavka”nı qəbul edən kontorun saytını telefonda yeniləməkdən yorulmayan bir neçə şəxs bu işdə maraqlı tərəfə bənzəyirdi. Onlar hesab 3:0 olarkən “Bakılı”nın top buraxmasını arzulayırdı ki, nəticəsi demək olar, bəlli olan oyuna yeni pul qoyuluşu etsinlər. Çünki qollardan birinin əvəzi çıxıldıqdan sonra “Bakılı”nın qələbəsinə kiçik əmsalla pul qoyuluşu yenidən aktivləşdi. Adını dəqiqləşdirə bilmədiyimiz, amma tez-tez “Bakılı”nın düşərgəsində gördüyümüz bir şəxs kiçik əmsala böyük pul qoymağın vacibliyindən danışırdı.
Əməkdaşımız “Bakılı”nın ehtiyat oyunçular skamyasının arxasına səfər edib orada başverənlərə də qulaq asdı. Hər an oyuna girmək növbəsi gözləyən futbolçulardan birinin təəssüflə dediyi sözlər maraqlı idi: “Hesab 1:0 olanda gül kimi əmsal verirdi. 1,50-yə çox atmaq lazım idi”.
Bütün bunlar bəlkə də araşdırma aparmaq üçün əsaslı dəlillər deyil. Amma ən azı AFFA-nın bununla ciddi maraqlanması lazımdı. İlk baxışdan belə oyunlara onsuz da böyük pullar qoymağın mümkünsüzlüyü haqda cavab eşidə bilərsiz. Lakin bizdə xüsusilə “Bakılı”nın əksər futbolçularının və rəhbərliyinin başqa adlara açılmış xüsusi kartlarının olması, orada daim 5-6 min manat pul saxlanılması haqda siqnallar var. Onlar hər dəfə hərəyə 2-3 minlik “stavka” etməklə aylıq maaşlarının 2-3 mislini qazanır və belə dolanırlar. 5-10 manat, ya da milyonlar – fərqi yoxdu, cinayət cinayətdi, bunu araşdırmaq üçün isə cəsarət lazımdı. Ümid edirik, AFFA bu məsələlərə biganə qalmayacaq.
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp