“Topaz” kuponlara görə minimal ödənişi 2 dəfə artıraraq, 2 AZN etdi. Nəyə görə? Sadə “stavkasevərlər”i düşündürən və ciddi narahatçılıqlarına səbəb olan məqama aydınlıq gətirmək üçün ən bəsit yolu seçdik. Şirkətin saytından nömrəsini götürüb, operatorla əlaqə saxladıq. Aldığımız cavab gözlədiyimiz kimi də oldu: “Heç bir səbəb yoxdu. Rəhbərlik bu cür qərar verib, vəssəlam”. 
Deməli, sabah şirkət rəhbərliyi istənilən kuponun minimal qiymətini 20 manat da edə bilər, 200 də. Monopoliyadı, rəqabət yoxdu, buna görə də “Topaz” istədiyi havanı sifariş verə bilir. Şirkətin internet versiyasında da eyni qaydalar tətbiq olunmağa başlayıb. Beləliklə də “gözünün qurdu”nu öldürən “stavkaçılar” üçün manatlıq oyun bitdi. 
Bununla da “Topaz” azərbaycanlı oyunçuları öz əlləri ilə alternativ variantlara yönəltmiş oldu. Nəğd oynayanları “TOPAZ”a bağlayan yeganə məqam elə 1 manata oynaya bilmələri idi. Çünki aradan qaldırılmayan “qara bazar” (QB)1 manatlıq “stavka” qəbul etmir. Doğrudu, QB-də minimal qiymət 5 manat təşkil edir. Amma oradakı əmsallarla “Topaz”ın verdiyi uduşlar arasında yerlə-göy qədər fərq var. Deməli, “Topaz” faktiki olaraq, yeganə üstünlüyü olan 1 manatlıq kuponlardan da imtina etməklə, müştərilərinin sayını azaltdı.
Bu addımı atdıqda onlar böyük ehtimalla faiz nisbətinə söykəniblər. Yəni, misal üçün gündə 100 min insan 1 manatlıq “stavka” edirdisə, qiymət artımından sonra həmin rəqəm 51 minə düşsə belə, “Topaz”ın dövriyyəsi 100 mindən 102 min manata qalxacaq. Bəs 100 min oyunçudan 51 min və ya daha çox insan “Topaz”la işbirliyinə son qoysa necə? Şirkətin dövriyyəsi və təbii ki, gəlirləri azalacaq. 
Doğrudu, bu şirkətin gəlirlərini hesablamaq bizə qalmayıb. Ancaq istehlakçı hüquqlarının pozulması barədə yazmaq borcumuzdu. Söhbət şirkətin “təkli” oyun siyahısından gedir. Necə yəni mən filan oyuna “stavka” qəbul edirəm, amma bəhmən matça yox? Nəyə görə dünya bukmeker kontorlarında aşağı əmsallı oyunlara pul qoyuluşu qəbul edilir, Azərbaycanda isə bu tip oyunları ancaq ekspress formada oynanılmasına icazə verilir? Yazdıqlarımızın şərti açmasını verək ki, qaranlıq məqam qalmasın. Məsələn, Almaniya yığması Farer adalarını qəbul edir. Meydan sahiblərinin qələbəsinə əmsal 1,05-di. “Topaz” müəllim deyir ki, bu oyuna tək şəkildə pul yatıra bilməzsən. Mütləq gözünə daha ikisini qatmalısan. İndi gəlin hesablayaq görək “Topaz” müştərilərini nə kökə salır?! İstənilən futbol matçının 3 nəticəsi mümkündü: meydan sahibinin qələbəsi, heç-heçə və məğlubiyyəti. Deməli, nəzəri cəhətdən hər hansı bir oyuna pul yatıranda udmaq şansınız cəmi 33 faiz təşkil. Topaz əvvəlcədən 67-nin 33-ə nisbətində üstünlüklə kifayətlənmir. Onlar oyunçulara “nokaut”la qalib gəlmək istəyir. Çünki ekspressdə minimum 3 oyun tələb edirlər ki, belədə, əvvəlcə 33 3-ə bölünməlidi, alınan rəqəm isə bir daha 3-ə. Nəticədə 3,6 alınır. Bax, Topaz oyunçulara bu qədər şans verir. Yəni, uduzmaq şansınız 96,4 faiz olduğu halda, pul qazanmaq ehtimalınız 3,6 faiz təşkil edir. Necədi? Bunun bir adı var – SOYĞUNÇULUQ!
“E-Topaz” Azərbaycanda internet vasitəsi ilə “stavka” qəbul edən “Topaz”ın qoludu. Maraqlıdı, hansı insan övladı əcnəbi bukmeker kontorlarını qoyub, “E-Topaz”a yatırım edəcək? Cibinin pulunu hesablayan heç bir kəs bunu etməz. Çünki “E-Topaz”ın verdiyi bugünkü əmsalları dünyanın öncül kontorlarının biri ilə müqayisə etmək qərarına gəldik və rəqəmlər bizi sadəcə, şoka saldı.
“Roma” – BATE qarşılaşmasında meydan sahiblərinin qələbəsinə Azərbaycan şirkəti 1,25 əmsalı verdiyi halda, dünyanın aparıcı kontoru 1,35 verir. Düşünə bilərsiniz ki, belədə, BATE-nin qələbəsinə verilən əmsal nisbəti “Topaz”ın xeyrinədi. Amma siz düşünməyinizdə olun, görün nisbət kimin üstünlüyünü nümayiş etdirir. Belarus təmsilçisinin qələbəsinə Azərbaycan şirkəti 7,30 verdiyi halda, rəqibləri müştərilərinə 9,46 əmsalı təklif edir. “Topaz” heç-heçə təklifində də ciddi uduzur: 4,60 5,73-ə qarşı. 
Bu, sadəcə, bir misaldı. Oyunlara göz gəzdirdikdə bütün təklif olunan cütlüklərdə fantastik fərq nəzərə çarpır. Oynayanlar bu fərqi gördükdə başlarını tutmasın, neyləsin? Bəs azərbaycanlı oyunçu nəyə görə “E-Topaz”a üstünlük versin? İstənilən oyuna dünya bükmeker kontorları pul qoyuluşu qəbul edirlər. Özü də Azərbaycandakı şirkətdən fərqli olaraq, minimal yatırım 1 dollardan başlayır. Eyni zamanda, heç kimin hüququ da pozulmur. Yəni, “tək oyun qəbul etmirəm”, deyən yoxdu. Əmsal da ki, göz oxşayır. “Topaz”ın internet versiyasının son şansı “1 manatlıq” olması idi ki, onu da ləğv elədilər. Heç olmasa, insanları manat-manat soyurdular, indi ikiqatını istəyirlər. Aldanmayın!..
P.S. Bir neçə il öncə Rusiya hökuməti “Marathonbet” şirkətini aşağı əmsallara görə yıxdı-sürüdü və nəticədə insanları talan edən kontor uduş faizlərini xeyli qaldıraraq, dünyanın aparıcı kontorlarına yaxın uduşlar təklif etməyə başladı.
 
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp