"Sumqayıt"ın əvəzedici komandasının baş məşqçisi Rövşən Babayev sabiq klubu "Rəvan"a qarşı ağır ittiham irəli sürüb. Futbolinfo.az xəbər verir ki, rekord.az-a danışan çalışdırıcı bildirib ki, "Rəvan" rəhbərliyinin sözü ilə əməli üst-üstə düşmür.
 
Bundan başqa, onlar baş məşqçinin də işinə müdaxilə edirmiş: "Rəvan" qeyri-peşəkar klubdu və qeyri-peşəkar idarə olunur. Biz o komandaya gedəndə başqa söz demişdilər. Emin Quliyevin qarşısına qoyulan hədəf bu idi ki, qışa kimi komandanı formalaşdıraq, qışda isə heyət daha da güclənəcək. Yəni "filan yeri tutmalısınız" kimi bir tələb yox idi. Biz də buna aldanıb, dəvəti qəbul etdik. Özünüz də bilirsiniz ki, "Rəvan"ın Premyer Liqada oynayacağı çempionatın başlamasına 20 gün qalmış dəqiqləşdi. 20 günə, özü də təlim-məşq toplanışı keçməyən bir komandadan nə gözləmək olardı? Ancaq bir-neçə turdan sonra başladılar nəticə tələb etməyə. Bundan başqa, rəhbərlik tərəfindən heyətə də müdaxilə var idi. Emin də özünə hörmət edən, üstünə söz götürməyən oğlandı və belə şeyləri qəbul edə bilmirdi. Nə qədər demək olar ki, o futbolçunu komandaya götür, bu futbolçunu komandaya götür".
 
Babayev bəzi futbolçuların Emin Quliyevə "torba" tikməsini və burada hazırkı baş məşqçi Bəhmən Həsənovun adının hallanmasına da münasibət bildirdi: "Həqiqətən də eyni futbolçuların çempionatın startında yaxşı oynayıb, sonradan zəif çıxış etməsi başadüşülən deyil. Bununla belə, kimisə ittiham etmək istəmirəm. Hər şeyin ən yaxşısını Allah bilir. Bəhmən Həsənova gəlincə, onun  haqqında heç nə danışmaq istəmirəm. Nə deyima axı? O adam "Rəvan"ın Futbol Akademiyasınına rəhbərlik edirdi və əsas işi də uşaq futbolu ilə bağlı idi. Amma gəlib, bütün məşqlərimizi tribunadan izləyirdi".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp