Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində sabah Bakıda Rusiya “Krasnodar”ını qəbul edəcək “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunöncəsi mətbuat konfransında iştirak edib. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis Krasnodardakı hakim ədalətsizliyindən gileylənib:
– Şanslarınız barədə fikirlərinizi bilmək istəyərdik…
– Oyunun statusu belədir ki, qələbə “Krasnodar”a daha çox lazımdı. Biz isə bu möhtəşəm şansdan maksimum yararlanmağa çalışırıq. Söhbət təcrübə toplamaqdan gedir. Şanslara gəlincə, oyundan öncə bərabərlikdi. Ancaq biz qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
– Avropa Liqasındakı çıxışınız zamanı daha çox legionerləri izləmişik. Turnir cədvəlindəki vəziyyəti nəzərə alsaq, sabahkı görüşdə daha çox azərbaycanlı görə biləcəyikmi?
– Oyuna baxış bucağımız dəyişməz qalır. Matça ən hazırlıqlı futbolçular çıxacaq.
– Qalib gəlmək üçün “Qəbələ”nin nəyi var?
– Bizim böyük istəyimiz və oyunçularımızın potensialımız var. Ümid edirəm ki, hakimlik Krasnodardakı kimi olmayacaq.
– Avroliqanın qrup mərhələsində ən çox təssüfləndiyiniz nəticə?
– Bütün məğlub olduğumuz görüşlərdən narazıyam. Dəqiqləşdirməyəcəm, ancaq bəzi oyunlar oldu ki, qalib gələ bilərdik. Ancaq futbolun güzgüsü tablodu və bununla barışmaq məcburiyyətindəyik.
– Sabah azarkeşlərin sayının çox olmayacağı gözlənilir.
– Deyə bilmərəm, nə qədər fanat gələcək. Ancaq bundan əvvəlki görüşlərdə bizi dəstəklədiklərinə görə hər bir azarkeşə təşəkkürümü bildirirəm. Sabah az adam gələcəksə, deməli, onları məmnun edəcək futbolu sərgiləməmişik.
– Krasnodardakı görüşün ilk yarısında ərazi üstünlüyü meydan sahiblərində idi. Yalnız fasilədən sonra təşəbbüs “Qəbələ”nin tərəfinə keçdi. İlk oyundan lazımınca ibrət çıxarmısınızmı ki, Bakıda eyni hal təkrarlanmasın? 
– Sualınızla qismən razılaşmıram. Çünki biz ancaq 1-ci hissənin ilk yarısında üstünlüyü rəqibə vermişdik. Ancaq unuduruq ki, buna baxmayaraq, ilk qolu da biz vurmuşduq, ilk təhlükəni də biz yaratmışdıq. Sadəcə, hakim qolumuzu qeydə almadı. İkinci hissədə isə rəqibin heyətində sürəti artıra biləcək futbolçular döyüşə atıldı və bunun qarşısınıə ala bilmədik.
– Eyni rəqiblərlə yenidən qarşılaşmalı olsaydız, nəyi dəyişərdiz?
– Təqvimi və hakim səhvləri ilə üzləşməməyi arzulayardım. İstəyərdim ki, bütün futbolçularımız sağlam olaydı. Çünki bilirəm ki, qrupdan çıxmaq üçün bütün bu şərtlər lehimizə işləməlidi.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp