“Kəpəz”in müdafiəçisi Tərlan Quliyevin futbolinfo.az saytına müsahibəsi:
– Son turda “Sumqayıt”la baş tutan oyun barədə fikirlərini bilmək maraqlı olardı…
– Çətin matç olacağını bilirdik. Rəqib evdə çox yaxşı oyun nümayiş etdirir. “Qarabağ” üzərində qələbə, “İnter” və “Qəbələ” ilə qarşılaşmalarda qazanılan bərabərliklər buna misaldı. İlk hissədə 1-2 qol şansımız olsa da, istifadə edə bilmədik. Əgər bu fürsətlərdən yararlansaydıq, sonluq belə olmayacaqdı. Məncə, nəticə oyuna görə idi.
– Belə başa düşdüm ki, ilk görüşdə məğlub etdiyiniz komandanı bu dəfə üstələyə bilməməyinizə əsas səbəb qol şanslarını boşa verməyiniz olub?
– İlk hissədə şanslarımız var idi. Fasilədən sonra rəqib daha çox qol imkanı yaratdı. Ona görə deyirəm ki, nəticə oyuna görə oldu.
– Fasilədə soyunub-geyinmə otağına yollanarkən rəqib futbolçularla aranda mübahisə yaşandı. Nə baş verirdi?
– Budaqla Slavik arasında söz-söhbət düşdü. Bu da anlaşılmamazlıqdan irəli gəldi. Amma sonradan hər iki futbolçu barışıb, bir-birlərinə əl uzatdılar. 
– Artıq Premyer Liqada 4 oyundu qalib gələ bilmirsiniz. Bunu nə ilə əlaqələndirmək olar?
– Burada elə ciddi səbəb yoxdu. Sadəcə, “qara zolağ”a düşmüşük, çıxa bilmirik. AZAL-la 1:1 başa çatan oyundan sonra komandada futbolçular zədələnməyə başladı. Ardınca “Qarabağ”a məğlubiyyət… Elə mən də həmin görüşdə zədəli halda meydana çıxmışdım. Qarşıdan “Rəvan”la matç gəlir. Həmin oyunda 3 xal qazanıb, özümüzə gəlməyi düşünürük.
– Sənə elə gəlmir ki, “Kəpəz”in oyunu daha çox Dario Federikodan asılıdı? Əbəs yerə deyil ki, o zədələnəndən sonra komanda 4 matçın heç birində qalib gələ bilmir…
– Əvəzedilməz futbolçu yoxdu. Bu sözü “Qarabağ”,  əvvəlki “Neftçi” kimi komandalara şamil etmək mümkündü. Yəni Avroliqada oynayan güclü komandalar haqda demək olar. Bizim 18-19 futbolçumuz var.  Bunların da bəziləri təcrübəsizdi. Düzdü, Darionun yoxluğu bizim üçün böyük itkidi. 
– Əgər Dario son 4 matçda iştirak etsəydi, nəticələr fərqli ola bilərdimi?
– Bəlkə də o olsaydı, “Sumqayıt”la matçda məğlub da ola bilərdik. Belə görünür ki, indiki dövrdə Dario meydana çıxa bilsəydi, “Qarabağ”la qarşılaşmanı çıxmaq şərtilə, digər görüşlərdə qalib gələ bilərdik. 
– Növbəti turda rəqibiniz “Rəvan”dı. Səncə, “qara zolağ”dan çıxa biləcəksinizmi?
– Bütün komanda oyuna köklənib, ancaq qələbə haqda düşünürük. Neçə matçdı ki, yaxşı mübarizə aparırıq. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bilmirik.
– Rəqib autsayder olsa da, kubok matçı da daxil olmaqla 5 oyundu ki, məğlub olmur. Bu sizi qorxutmur ki?
– Xeyr, qorxutmur. “Qarabağ”la da, “Rəvan”la da oyunlara eyni cür çıxırıq. İlk pillələrdə gedən komanda deyilik ki, rəqiblərə yuxarıdan aşağı baxaq. Biz də “Rəvan”, “Sumqayıt” kimi komandayıq. Yeni yaranmışıq. Kiməsə yuxarıdan aşağı baxmaq ixtiyarımız yoxdu. Matça ciddi hazırlaşırıq, məqsədimiz 3 xaldı. 
– Artıq mövsümün ilk yarısı başa çatmaq üzrədi. Geridə qalan müddəti komandanız üçün uğrulu saymaq olarmı?
– Şəxsi fikrimdi, ilk dövrəni 4-5-ci yerdə başa vurmaq böyük uğurdu. Çünki “Kəpəz” yeni yaranıb.  Bu komandadan böyük nailiyyətlər gözləmək düzgün deyil. Amma əsas odur ki, kollektivimzdə mehribançılıq var, rəqiblərimizdən oyun planında heç də geridə qalmırıq. 
– Komanda məşqlərini Bakıda, Yevlaxda, oyunlarını isə Gəncədə keçirir. Bu amil sizə problem yaradır?
– “Kəpəz”in futbolçularının çoxu Bakıda yaşayır. Düzdü, Gəncədə normal baza olsaydı, daha yaxşı olardı. Amma şərait yoxdu deyə məşqlərimizi Bakıda keçirirk. Bizim üçün elə də çətinlik yoxdu. 
– Görünür, sizin ev oyununuz səfərdən fərqlənmir. Çünki doğma meydanda keçirilən oyunlara görə də uzun yol qət edirsiniz…
– Bəli, bu düzdü, çox yol qət edirik. “Rəvan”la matçdan sonra ayın 17-də Lənkəranda oyunumuz var. Daha sonra Gəncədə “Neftçi” ilə üzləşəcəyik. Biz Bakıya gəlib, oradan Lənkərana gedəcəyik. Sonra isə birbaşa Gəncəyə qayıdacağıq.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp