“Qəbələ” Avropa Liqasının “qapısını çırpa” bilmədi. Roman Qriqorçukun yetirmələri Bakıda baş tutan son qarşılaşmada Rusiya “Krasnodar”ına müqavimət göstərməyi bacarmadı.
Ukraynalı mütəxəssis bir gün öncə keçirdiyi mətbuat konfransında verdiyi vədə əməl edərək, döyüşə “köhnə qvardiya”nı atdı. Əlbəttə, ata bildikləri uşaqları. Dmitri Bezotosnının zədəli olması Qriqorçuku Andrey Popoviçə etimad göstərməyə sövq etmişdi. Ancaq irəliyə gedərək, qeyd edək ki, baş məşqçinin milliləşmiş həmyerlisi ümidləri doğrultmadı. Daha dəqiq olsaq, qabında nəyi varsa, onu da ortaya qoydu. 
Təmsilçimiz ilk dəqiqələrdən ənənəvi “kozır”ı – meydanın hər qarışı uğrunda mübariz keyfiyyətlərini ortaya qoya bilmədi. Qrup mərhələsində “Qəbələ” ən zəif oyununu keçirdi. Bunun obyektiv və subyektiv səbəbləri var. Komanda bu cür sıx qrafiklə oynamağa alışmayıb. Əsas yük 6-7 futbolçunun üzərinə düşüb ki, onların da “motoru artıq çəkmir”. Stankoviç, Daşdəmirov, Qay, Dodo, Zenyov, Antonov – bu futbolçular üçün cari mövsüm nəfəs dərməyə imkan verilməyib və qış fasiləsinə bir neçə gün qalmış daha bir oyunda mübariz keyfiyyətlərini ortaya qoymaq onlar üçün olduqca çətin idi…
Çətin idi, amma mümkünsüz deyildi. Sadəcə, yuxarıda sadaladığımız obyektiv səbəblərə subyektiv amillər də əlavə olunmalıdı. Turnir baxımından heç bir stimul qalmayan komandanın liderlərini bu cür oyuna kökləmək olduqca müşkül məsələdi. Bütün sadaladığımız səbəbləri üst-üstə gələrkən, rusların qrup qalibi olmaq arzusunu da unutmaq olmaz. Bax, oyun öncəsi bu cür komponentlər toplumu yaranmışdı ki, 90 dəqiqənin bitimində tabloda əks olunan nəticə təəccüblü görünmədi.
Artıq ilk dəqiqələrdən qonaqlar oyuna nəzarəti əllərinə götürdü. Sürətdə rəqibinə uduzan “Qəbələ”nin qapısına ilk qol standart vəziyyətdən vuruldu. Sıradan bir hava ötürməsi və heç də qarşısıalınmaz olmayan baş zərbəsi. Əlbəttə, çərçivədə Bezotosnı olsaydı, Siqurdsonun “dişsiz” zərbəsindən sonra təmsilçimiz mərkəzə dəvət olunmazdı. Amma qapıda Popoviç idi…
Bəlkə də fasilədən sonra oyunda dönüş yaratmaq olardı. Axı, arada 1 top fərqi var idi. Amma Popoviç “kabus”u oyunun intriqasını ilk 45 dəqiqədəcə öldürdü. Maurisiyo Pereyranın zərbəsindən sonra top tora elə şəkildə daxil oldu ki, belə yerdə “qapıçı toyuq tuturdu”, deyimi düz yerinə düşür. “Hamının başına gələ bilər” ifadəsinə isə yer yoxdu. Çünki bu əlcək sahibinin başına o qədər işlər gəlib ki, bütün mümkün limitlərini doldurub.
Fasilədən sonra Qriqorçukun yetirmələri fəallığı artırdılar. Real qol epizodları yaratmasalar da, müəyyən mənada rəqiblərini qapılarına sıxıştırmağa nail oldular. Ancaq  bütün bunlar daha çox kosmetik xarakter daşıyırdı. Sadəcə, “Qəbələ”nin baş məşqçisi yetirmələrinə bir qədər enerji vermişdi ki, bu da təqribən 20 dəqiqəyə yetdi. Əlbəttə, bu müddət kəsiyində “Qəbələ” fərqlənsəydi, ruslardan 1 xal qoparmaq şansı yaranardı. Amma alınmayınca, bu ümidlər də tükəndi. Nəticədə, daha bir qol vuran Oleq Kononovun yetirmələri qrup mərhələsini 1-ci pillədə başa vurmağı bacardı.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp