Ötən gün Avropa Liqasında qrup mərhələsinin 6-sı – son turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Rusiya "Krasnodar"ına 0:3 hesabı ilə uduzaraq, qrup mərhələsini sonuncu yerdə başa vurub.
"Bakcell Arena"dakı matçdan sonra ev sahibi komandanın yarımmüdafiəçisi Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb:
– Məğlub oldunuz. Ancaq qol imkanlarınız da var idi. Səncə, hesabı "Qəbələ" açsaydı, necə olardı?
– Ola bilərdi ki, başqa cür oyun alınardı. Çünki "Borussiya" ilə matçda da bu cür olmuşdu. 2-3 qol vəziyyətləri öncə bizdən gəldi. Sadəcə, bəxtimiz gətirmədi. Bu gün də "Krasnodar" yaratdığımız təhlükəli epizodlardan sonra sanki ayıldı. Bir az bizim futbolçularda yorğunluq görünrüdü. Məğlubiyyət bəlkə də bir az bununla bağlı idi.
– Dedin ki, "Borussiya" ilə qarşılaşmada da eyni ssenari oldu. Bu iki oyunda qalib gəlməyiniz üçün nə çatmadı?
– Yəqin ki, təcrübəmiz çatmadı. Çünki ilk dəfədi qrupda oynayırıq. Bu cür rəqiblərə qarşı isə oynamamışdıq. Yorğunluq da vardı deyə belə alındı. Neçə vaxtdı ki, ardıcıl oyunlar oynayırıq. Komanda bir az yorğun idi.

 
– "Krasnodar"la səfərdə daha yaxşı çıxış etmişdiniz. Yəqin ki, həmin oyunda qələbə qazana bilmədiyinizə görə çox təəssüflənirsiz…
– Çox oyunlarımıza baxanda adam peşman olur. Amma indi bunun fərqi yoxdu. Düzdü, Rusiyada bundan da yaxşı futbol sərgiləmişdik. Hakimələr briqadası qollarımızı da saymamışdı. Dirəklər də olmuşdu. Rusiyada bəxtimiz gətirməmişdi. Ancaq burada uduzduq və çox üzülürük.

 
– Çıxışınızın davamı növbəti illərdə də gələcək?
– Ümid edirəm ki, davamlı olar. Çünki bir dəfə qrupa düşüb, sonra avrokuboklardan kənarda qalmaq pis görünər. Rəhbərliyin yaratdığı bu cür yüksək şəraitlə komanda hər il qrupoda oynamalıdı. Davamlı olmasa da, heç olmasa, bir ildən bir komanda qrupa düşməlidi. "Qəbələ" ən azından bu il təcrübə topladı. İkinci ilində qrupa düşmək əla nəticədi. Bəli, qrupda yaxşı nəticə qazana bilmədik. Amma yenə də təcrübəmiz oldu və gələcəkdə bu bizə kömək olacaq.
– Həmin vaxt sən komandada olacaqsan? Mətbuatda "Qəbələ"dən göndəriləcəyin deyilir…
– Həmin xəbərləri oxuyanda bir az təəccübləndim. Rəhbərliklə də danışdım, müqaviləm yaya kimidi. Amma mətbuatda yazılmışdı ki, guya müqaviləm başa çatıb. Bunları oxuyanda çox pis oldum. Yazmışdılar ki, göndərilir. Özüm də şoka düşdüm. Çünki müqaviləm ola-ola mətbuatda yazılır ki, komandadan göndərilirəm. Bilib yazmaq daha yaxşı olardı. Yaya kimi komandadayam, yaydan sonra necə olacaq zaman göstərər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp