Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə təyinat alan FİFA referisi Əliyar Ağayev bu gecə siftə edib. Futbolinfo.az xəbər verir ki, “Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Minsk, Belarus) matçını (2:1) idarə edən gənc referinin aldığı qiymət bəlli olub. Oyunun inspektoru Lusiano Luçi Ağayevi 8,4 balla qiymətləndirib. 
Məlumatı apasport.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da təsdiqləyib. O bildirib ki, Ukrayna Hakimlər Komitəsinin sədri Luçi ilə yanaşı, UEFA-nın Hakimlər Komitəsinin baş komissarı Pyerluici Kollina da Ağayevin idarəçiliyindən razı qalıb: “Bəli, Əliyar 8,4 bala layiq görülüb. Bu, hakimlikdə yaxşı qiymət sayılır. Dünən 6 gənc hakim sınaqdan keçirilib. Onların içində ən yaxşı idarəçiliyi Əliyar edib. Matçın inspektoru oyunun dərəcəsini normal qiymətləndirdiyi üçün bu qiyməti verib. Əgər görüş daha çətin olsaydı, Əliyara bundan da yüksək qiymət veriləcəkdi. Matçdan sonra Luçi Kollina ilə danışıb və Əliyara bildiriblər ki, hazırlaş. Bu da onu göstərir ki, Ağayevin idarəçiliyindən razı qalıblar. Yeni ilin əvvəlində olmasa belə, ən geci yayda Əliyarın birinci kateqoriyaya keçəcəyinə inanıram”.
 
“Rapid”in 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə həmyerlimiz 1 sarı vərəqə göstərib. Bundan başqa, Ağayev 21-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib. Lakin “Rapid”in futbolçusu Stefan Hofmann bu imkanı dəyərləndirə bilməyib.
 
Qeyd edək ki, Əliyar Ağayev avrokubokların qrup mərhələsində oyun idarə edən ilk azərbaycanlı hakim kimi tarixə düşüb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp