“Qarabağ” möcüzə yarada bilmədi. Avropa Liqası nağılının son akkordu Brüsseldə səsləndi. Təəssüf ki, minor notda. Amma reallıq budu ki, Ağdam təmsilçisi növbəti pilləkəni də fəth etməyi bacardı. Ötən mövsüm olduğu kimi, bu dəfə də ölkə çempionunun 1/16 finala çıxmaq şansları qalırdı. Ötən mövsüm olduğu kimi, bu dəfə də Qurban Qurbanovun yetirmələrinə bunun üçün qələbə qazanmaq lazım idi. Ötən mövsüm olduğu kimi, bu dəfə də “atlılar” rəqib qapısının torunu silkələməyi bacardı. Ötən mövsümdən fərqli olaraq, bu dəfə onların vurduğu qol qeydə alındı. Amma… ötən mövsüm olduğu kimi, bu dəfə də təmsilçimiz qrupdan çıxmağı bacarmadı.
Qurban Qurbanovun start heyəti demək olar ki, təəccübləndirmədi. Elə oyunun ilk dəqiqələrinin axarı da həmçinin. Belçika təmsilçisi mərkəzi ələ keçirərək, Şehiçin qapısı qarşısında təhlükələri sıralamağa çalışırdı. Ancaq ilk baxışdan böyük ərazi üstünlüyünə sahib olan “Anderlext” real təhlükə yaratmaqda çətinlik çəkirdi. İlk 15 dəqiqə ərzində meydan sahibləri 2 dəfə yarımçıq təhlükəylə yadda qaldılar. Onlar topa daha çox sahib olsalar da, bunu “ağ-bənövşəyilər”in aktivinə yazmaq da düzgün olmaz. Çünki Azərbaycan çempionu ilk dəqiqələrdən təşəbbüsü rəqibə bilərəkdən vermişdi. Qurban Qurbanovun əsas ümidi kəsərli əks-hücumlara idi ki, burda da Armenterosun əzmkar oyunu ön plana çıxmalı idi.
Ancaq meydan sahiblərinin start təzyiqini səngitməyi bacaran Azərbaycan çempionu tədricən oyunu qapısından uzaqlaşdırmağı bacardı və “Anderlext”in o qədər də zəhmə sahib olmadığı üzə çıxdı. Görüşün 24-cü dəqiqəsində təmsilçimizdən ilk siqnal gəldi: ancaq Əfran İsmayılovun cərimə meydançasında başla İlqar Qurbanova ötürdüyü topa zərbə endirən müdafiəçinin qarşısına atılan rəqib futbolçular zərbəni yumuşaltdılar və nəticədə Proto üçün topa yiyələnmək çətin olmadı. Belçikalılar bu siqnaldan lazımı nəticəni çıxarmadılar. İlk yarının ortalarında Dani Kintana fərdi ustalıq sayəsində vizavisindən sıyrılaraq, uzaq “altılığ”ı nişan aldı. Nəzərə alsaq ki, bu qələbə faktiki olaraq, “Qarabağ”ı 1/16 finala daşıyırdı, matçın sonunadək qalan 64 dəqiqə hər bir azərbaycanlı fanat üçün həlledici əhəmiyyət kəsb edirdi. 
Ancaq nə yazıq ki, rəqibin “ikinci təzyiq inqilabı”na “Qarabağ” tab gətirə bilmədi. Qoldan cəmi 2 dəqiqə sonra çempionumuzun qapısına elə bir acı qol daxil oldu ki… “Anderlext”in hücumunda 5 oyunçu iştirak etdiyi halda, cərimə meydançası həndəvərində və daxilində “Qarabağ”ın 10 futbolçusu dayanmışdı. Yalnız Armenteros həmin an müdafiə olunmurdu. Başqa sözlə, hücum edən hər bir belçikalıya 2 “Qarabağ” futbolçusu düşürdü. Ancaq ara ötürməsindən sonra Əfran İsmayılovun qərarlaşdığı sol cinah yarımmüdafiəçisi mövqeyi qeybə çəkildi. Daha doğrusu, millimizin yarımmüdafiəçisi mövqeyini itirdi və Nahar iti bucaq altından Şehiçlə “randevu”ya yollandı. Bəlkə də həmin mövqedən daha 10 dəfə meydan sahiblərinin “7 nömrə”sinə zərbə vurmaq şansı versən, birində də fərqlənə bilməz. Amma məhz ötən gecə onun zərbəsi uzaq küncə dəqiq sancıldı və dirəyə dəyib çərçivəyə düşdü. 
Buraxılan qol meydan sahiblərini qanadlandırdı və 3 dəqiqə sonra Okaka Bədavi Hüseynovdan sıyrılaraq uzaq məsafədən qapını dəqiq nişan aldı. Bu epizodda Qara Qarayevin də statist rolunu qabartmalıyıq.
Fasilədən sonra oyunun ssenarisi dəyişdi. “Qarabağ” təzyiqi artırmağa nail oldu. Cavid Tağıyevi döyüşə atan Qurban Qurbanov az sonra növbəti əvəzetməyə əl atdı. Ancaq bu dəfə məcburiyyətdən: zədələnən Çumbinyonu Miçellə dəyişdi. Komandamızın təzyiqi artırması bəzi epizodlarda bəhrəsini verə bilərdi. Xüsusilə İlqar Qurbanovun sağ cinahdan irəliləyərək, yaratdığı an çox böyük şanslardan xəbər verirdi. Təəssüf ki, arxaya, qapının 5 metrliyində dayanan Kintanaya ötürmə etmək əvəzinə, mdüafiəçi qapıya parallel ötürmə edərək, ümidini Armenterosa bağladı. Nəticədə, top belçikalı müdafiəçilərə nəsib oldu. Armenteros da bir epizodda diqqət mərkəzinə düşdü. Ancaq oyunun son 15 dəqiqəsində meydana daxil edilən və varlığı ilə yoxluğu bilinməyən Pupponun ötürməsindən sonra əldə etdiyi imkandan düzgün faydalanmadı. Qapıçı ilə üz-üzə qalan forvardın qapıya bir başa zərbə endirərək, fərqlənmək şansı yox idi. Amma onu aldadıb boş qapını nişan ala bilərdi. Təəssüf ki, Armenteros topu qapıçıya çırpdı.
Vəsssəlam, statistik göstəricilərdə rəqibini üstələyən, lakin tablodakı nəticəyə əsasən “ağ bayraq” qaldıran “Qarabağ” Avropa Liqasının son turunu məğlubiyyətlə başa vurdu. Azərbaycan çempionu gözlənildiyi kimi, qrup mərhələsində sonuncu – 4-cü pilləni tutdu. Amma gözlənilənlərin əksinə olaraq, sərgilədiyi futbola görə yalnız “Tottenhem”dən geri qaldı. “Anderlext”lə “Monako”ya gəlincə, ağdamlılara bu komandaları arxada qoymaq üçün təcrübə çatmadı. 
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp