Dünən Azərbaycan klubları üçün avrokubok mövsümü başa çatdı. Futbolinfo.az xəbər verir ki, “Qarabağ” və “Qəbələ”nin mübarizəni dayandırmasından sonra ölkəmizin cari və növbəti mövsüm UEFA klub reytinqindəki yerinə aydınlıq gəlib. 
Hazırda 14.875 xalla 26-cı olan Azərbaycan növbəti mövsüm avtomatik olaraq 2 pillə irəliləyəcək. Ölkəmiz 2016/17 mövsümünün starında Avropada 54 ölkə arasında 24-cü olacaq. Bu, klub futbolu tarximizdə ən böyük uğurdu. İrəliləyişimizə səbəb isə komandalarımızın son 5 mövsümdə yığdığı əmsalların cəmidi. Hər mövsümün əvvəli ölkələr 5 il öncə qazandığı reytinq xalını itirir. Belə olan təqdirdə isə Azərbaycan 2011-ci ildə əldə etdiyi 1.375 xalı itirəcək və əmsalı 13.500-ə düşəcək. Lakin hazırda siyahıda bizdən irəlidə olan Kipr (19) və İsrail (23) daha çox itkiyə məruz qalacağından ölkəmiz onları qabaqlayacaq. İndi adalıların aktivində 22.175 xal var. Onların 2011-ci ildə qazandıqları 9.125 əmsal silinəcək və xallarının sayı 13.050-ə düşəcək. Bundan başqa, 18.625 xala malik olan yəhudilər isə 6.000 əmsal itirəcək. 
Bizim silinən xallarımız isə elə də təhlükə yaratmır. Çünki ölkəmiz son 5 mövsümdə ən az əmsalı məhz, sözügedən ildə qazanmışdı. Cədvəldə bizdən geridə olanların isə bizə çatmaq və ya qabaqlamaq şansı yoxdu. 
Qeyd edək ki, cari mövsümdə ölkəmizin aktivinə “Qarabağ” 1.750, “Qəbələ” 1.625, “İnter” 0.750, “Neftçi” isə 0.250 xal qazandırıb. Bununla da ölkəmiz bir mövsümdə 4.375 xal toplayaraq, rekordunu yeniləyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp