Bu gün PFL prezidenti Ramin Musayevin Topaz Premyer Liqasında çıxış edən 10 klubdan 9-na barmaq silkələyərək, “borclarını ödəməsələr, cəzalandıracağıq” deməsi məsələnin ciddiliyindən xəbər verir. Hər halda indiyədək Musayevdən bu tip sərt açıqlama görən olmamışdı. Əksinə, o, daim bu cür sualların yumuşaldılmasını istəyir, müəyyən borcların olduğunu, lakin ödəniləcəyinə əmin olduğunu söyləyib. Ancaq görünür PFL-də vəziyyət kritik həddə çatıb. Musayev yalnız “Qarabağ”ın borcunun olmadığını diqqətə çatdırmaqla, faktiki olaraq, digər 9 kluba ismarıc göndərib.
Məsələyə aydınlıq gətirmək üçün borclu olan klublarla əlaqə saxladıq. 
Eldəniz Yusifov, AZAL-ın mətbuat xidməti: “Bizə bu haqda məktub oktyabrda göndərilib. Ümumiyyətlə, bu məsələ Klublar Komitəsinin sentyabr ayında keçirilən iclasında da müzakirə olunmuşdu. Borcumuzun nə qədər olmağı klubdaxili sirr olduğundan ictimaiyyətə açıqlaya bilməyəcəyik. Amma onu deyə bilərəm ki, əvvəl müəyyən qədər ödəniş etmişik və bir az qalığımız var. Yaxın günlərdə bu məsələ ilə bağlı qərarımızı verib, ictimaiyyətə açıqlama verəcəyik”.
Səbuhi Məmmədov, “İnter”in mətbuat katibi: “Klub prezidenti Rəşad Qasımov məsələdən xəbərdardı. Yaxın vaxtlarda bütün qüvvələri səfərbər edib, problemin aradan qaldırılmasına çalışacağıq”.
Rəşad Məmmədov, “Sumqayıt”ın mətbuat xidməti: “Məsələ burasındadı ki, bizim də alacaqlarımız var. Gözlənilən gəlirlər hesabımıza köçürülən kimi, borcumuzu bağlayacağıq”.
Mikayıl Nərimanoğlu, “Kəpəz”in Müşahidə Şurasının üzvü: “Həqiqətən də klubumuzun PFL-ə 18 min manat borcu var. Ancaq alacaqlarımız bunda xeyli çoxdu. Teleyayıma görə AFFA-dan 70 min alacağımız var. Qarşılıqlı barterlə bu borcu bağlayacağıq”.
Fariz Nəcəfov, “Qəbələ”nin vitse-prezidenti: “PFL-ə borcumuz həqiqətən də var. Ancaq bizim də AFFA-dan alacaqlarımız var. Bura həm teleyayım, həm də Akademiyaya görə ödənişlər daxildi. Çalışacağıq borclar qarşılıqlı şəkildə silinsin. Ancaq PFL bizə daim dəstək olub. Bunu da unutmuruq. Əgər AFFA-dan alacaqlarımız yubadılsa, gələn ilin əvvəlində borcumuzu bağlamağa çalışacağıq”.
Elman Himayətoğlu, “Zirə”nin mətbuat katibi: “Fevral ayına qədər yığılan borcları ödəməyə çalışacağıq”.
Mehman Rəsulov, “Neftçi”nin mətbuat katibi: “Klubumuzla PFL arasında yaranan borc məsələsi daim necə həll edilibsə, indi də eynisi olacaq. Hər kəs qanun qarşısında eynidi. Əsasnamə nəyi tələb edirsə, o cür də olacaq”.
“Rəvan”la əlaqə yaratmaq cəhdlərimiz bəhrə vermədi. “Xəzər Lənkəran”ın mətbuat xidmətindən isə klub rəhbərliyinin mövqeyini dəqiqləşdirdikdən sonra məlumat veriləcəyi bildirilsə də, səs-soraq çıxmadı.
Yazını yekunlaşdırarkən, klubların 2 hissəyə bölündüyünü qeyd etməliyik: kimisi AFFA-nın onların borclarını ödədikdən sonra ali futbol qurumunun “övladı”nın pulunu verəcəyini bildirdi, kimisi də ödəyəcəyini. Bizə isə PFL-ə səbr diləmək və “yeməməkdənsə, ümid yaxşıdı” məsəlini xatırlatmaq qalır.
Shares: