PFL prezidenti Ramin Musayevin oddu-alovlu məlum açıqlamasından sonra klub rəsmilərinə tribuna verərək, borcları barədə məlumat toplamağa çalışdıq. Yalnız “Kəpəz” müfəssəl informasiya verərək, borclarının 18 min olduğunu bildirdi. Digər klublar isə rəqəm səsləndirməkdən boyun qaçırdı.
Ancaq dünənki açıqlamalardan göründü ki, söhbət tək vərəqələrə görə kəsilən cəzalardan getmir. Elə AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov da verdiyi açılamada bunu təsdiq edərək, təmsil etdiyi komandanın digər rüsumları da ödəmədiyini bildirib. Bu maddənin nədən ibarət olduğunu axtarmağa isə lüzum yoxdu. Söhbət komandaların iştirak ərizələrinə qeyd etdiyi əcnəbilərdən gedir.
Belədə, məsələ mürəkkəbləşir. Axı 1 legionerə görə 20 min manat ödənilməlidi və əldə etdiyimiz məlumata görə, “Qarabağ” istisna olmaqla, digər komandalar legionerlərə görə ödəməli olduqları rüsumun böyük hissəsini PFL-ə köçürməyib. Dəqiq rəqəmlərə sahib olmadığımıza görə, əcnəbilərə görə ödənilən məbləği, vərəqələrə görə kəsilən cərimələrə bərabər tuturuq. Başqa sözlə, klubların borclarını iştirak ərizəsindəki legioner sayına uyğun hesablayacağıq.
 
Ancaq burada rüsumla bağlı zəruri qeydlərə ehtiyac var. Əvvəla, 1 il Topaz Premyer Liqasında çıxış etmiş əcnəbiyə görə 20 deyil, 10 min manat, 3 il ərzində çıxış etmişlərə görə isə 5 min manat rüsum ödəndiyini qeyd etməliyik. Milli komandaların şərəfini qoruyan futbolçulara görə isə ümumiyyətlə, rüsum ödənmir. Ancaq nəzərə alsaq ki, Azərbaycanda əksər legionerlər 1 mövsüm çıxış edir, milli komandalarına isə cəlb olunanları barmaqla saymaq mümkündü, klublar üçün maksimum endirim 5 min manat təşkil edə bilər. Yəni, hər bir legionerə görə 20 yox, 15 min manatlıq hesablama aparsaq, əsl borcdan çox yayınmarıq. Getdik e!  
“İnter” – 13 legioner. “Bank təmsilçisi”nin təxmini borcu 195 min AZN təşkil edir.
“Qəbələ” – 14 legioner. Komandanın təqribi borcu 210 min AZN təşkil edir.
“Neftçi” – 7 legioner. “Ağ-qaralar”ın təqribi borcu 105 min AZN təşkil edir.
AZAL – 3 legioner. “Təyyarəçilər”in təqribi borcu 45 min AZN təşkil edir. 
“Xəzər Lənkəran” – 2 legioner. Cənubluların təqribi borcu 30 min AZN təşkil edir.
“Sumqayıt” – legioneri yoxdu. Borc ancaq İntizam Komitəsinin vərəqələrə görə tətbiq etdiyi cərimələrdən ibarətdi.
“Rəvan” – 2 legioner. Paytaxt klubunun təqribi borcu 30 min AZN təşkil edir.
“Zirə” – 9 legioner. Premyer Liqanın debütantının təqribi borcu 135 min AZN təşkil edir.
“Kəpəz” – 5 legioner. Gəncəlilərin təqrib borcu 75 min AZN təşkil edir.
Kobud hesablamalar borcun 825 min manat təşkil etdiyini göstərir. Ancaq məsələ burasındadı ki, PFL AFFA-nın qoludu və CBC kanalı klublara peşkəş olaraq (əslində Azərbaycan futbolunun dəyəri 70 min də deyil), 700 min manatlıq yayım payı ayırması ümumi borcun 90 faizini silir. Ancaq bu, PFL nöqteyi-nəzərindəndi.
Ayrı-ayrılıqda isə bir neçə klub böyük ehtimalla müsbət saldoya çıxır. Amma həmin vəsaiti AFFA ödəyəcəyi təqdirdə, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi” qışda pul kəsməlidilər ki, cəzaya məruz qalmasınlar.
Eyni zamanda, Mikayıl Nərimanoğlunun səsləndirdiyi “18 min borcumuz var” rəqəmi də həqiqəti əks etdirmir. Çünki “Kəpəz”dəki 5 əcnəbidən 4-ü ölkəmizdə karyeralarının ilk ilini keçirirlər. Kamerunlu Ebah milliyə cəlb olunduğu üçün rüsum ödənilmir. Deməli, “Kəpəz”in ancaq legionerlərə görə 80 min manat borcu var.  Nərimanoğlu isə Federasiyadan klublarının alacağının olduğunu söyləyib. Həqiqət əksini göstərir.
Sonda PFL barədə də bir neçə kəlimə yazmağı özümüzə borc bilirik. Legionerlərin adlarını iştirak ərizəsinə daxil edərkən, klublar rüsumu ödəməlidi. Çempionat yarı olub, həmin vəsait ünvanına çatmayıb. Bunun harası Peşəkar Futbol Liqası oldu. Adını dəyişib qeyri-Peşəkar Futbol Liqası qoymaq daha düzgün olar. Ancaq nəzərə alsaq ki, federasiyada az-çox kreativliyi ilə seçilən ancaq PFL-di, digər strukturlara hansı adı qoyacağımızı bilmirik. Elə klublara da tövsiyəmiz budu ki, yalandan PK (Peşəkar Klub) abreviaturasından istifadə etməsinlər. Peşəkarlığınıza quzu kəsim.
CEYHUN ƏLİYEV
Shares: