“Kəpəz”ə kəsilən 5 min manatlıq cəza ləğv olundu. Nəyə görə klubun şikayəti müsbət cavablandırıldı? Bununla “Neftçi” azarkeşlərinə hörmətsizlik olmadımı? Axı, paytaxt təmsilçisi ilə qarşılaşmadan sonra qonaq komandanın fanatları Gəncədə daşlanmışdı. Bunu protokolda oyuna təyin edilmiş AFFA nümayəndəsi Namiq Məstanov da qeyd edib. İntizam Komitəsi də Nizami diyarının təmsilçisinə 5 min manat cərimə kəsmişdi.
Daşlanan azarkeşlər arasında “Forza Neftçi” fan-klubu da olub. Həmin azarkeşlərin rəhbəri Sübhan Əliyev cərimənin ləğv edilməsini alqışlasa da, ağacın 2-ci başı da var: “Kəpəz” azarkeşlərinin hamısına pis demək olmaz. Onlar oyundan öncə bizi qarşılayıb, çay süfrəsinə dəvət edib. 5-10 uşaq daş atıb deyə, kluba cərimə kəsilməsi də düzgün deyil. Məncə, qərarın ləğv edilməsi yaxşı oldu. Matçdan sonra qonaq fanatlar stadionu tərk edəndə hasarın digər tərəfindən bizə daş atılırdı. Amma bunun kim tərəfindən edildiyini görmədik. Yaxşı ki, xəsarət alan da olmadı. Gəncə polisi vaxtında hadisəyə müdaxilə etdi və şəhərdən çıxanda təxminən 80 km bizi müşayət etdilər. “Kəpəz”in rəsmi fan-klubu var, rəhbərinin adı da Elmardı. Oyundan öncə bizi qarşıladı, görüşdük. 90 dəqiqə ərzində də onlar da, biz də komandamızı dəstəkləmişik”.
İndi isə məsələyə mənəvi deyil, hüquqi tərəfdən yanaşaq. AFFA nümayəndəsinin qeydlərinə əsasən cərimə kəsən İntizam Komitəsi qanunauyğun hərəkət etsə də, Apellyasiya Komitəsi qərarı ləğv edib. Hansı əsaslarla? Elə bir əsas gətiriblər ki, bişmiş toyuğun gülməyi gəlir: “Başa çatmış iki dövrənin yekununda "Kəpəz" klubunun ev oyunlarında oxşar hadisələrin yaşanmaması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəzərə alınıb”.
Bu, bilirsiniz nəyə bənzəyir? İnsan kimisə ödürür, məhkəmə isə onu azadlığa buraxır. Soruşanda niyə buraxdınız, cavab verir ki, “indiyədək heç kimi öldürməmişdi axı”! Əsl eybəcər həqiqət isə üzdədi. Və bu eybəcərliyi mövsümün əvvəlində futbola AFFA gətirdi. AFFA-nın mətbuat xidmətinin rəhbərinin Premyer Liqada mübarizə aparan klubda yüksək vəzifə tutması hansı meyarlara sığır? Başa düşürük, bu gün min eybəcərliklərlə zəngin Azərbaycanda eyni məmur 6-7 vəzifəni icra edir. Ancaq AFFA-nın baş katibi Elxan Məmmədov Gəncə klubuna federasiyanın mətbuat katibini təyin etməklə, bu rüsvayçılığın zirvəsinə qalxıb. Bax, buna görə də Apellyasiya Komitəsi 5 minlik cəzanı qeyri-qanuni ləğv edib.
Yuxarıdan gələn əmrlə verilən bu qərar həm absurddu, həm də qeyri-qanuni. Daş yağdırılıb! Bu, danılmaz faktdı! İstəyirsən öz tuşundan göyə çıx, bu cəriməni silmək olmaz. Əsas kimi göstərilən “ilk dəfə” isə rəzalətdi. Apellyasiya Komitəsinə toplaşanların 2016-da ilk görəcəkləri iş ərizəni yazıb tutduqları vəzifədən getmələri olmalıdı. Elə baş katib də Nərimanoğluyla bağlı qərarını verməlidi: ya mətbuat katibi kimi fəaliyyət göstərsin, ya da Gəncə təmsilçisinin Müşahidə Şurasının üzvü kimi. Əks halda bu hərc-mərciliyin sonu olmayacaq.
CAVAD