2016-cı il pəncərəmizi açdı. Açar-açmaz qarı pülədi sifətimizə. Bir yandan qara camaatı ağlar günə qoyan maddi vəziyyət, digər tərəfdən də havanın soyuq keçməsi. Ancaq deyəsən ölkəmizin Qərb zonasına şaxta daha kəskin düşüb. Adil Mahmudovun məşhur telefon danışığının audioyazısını təqdim edərək, futbolumuzdakı çirkinlikləri növbəti dəfə gündəmə gətirdik. Ardınca Adil Mahmudova da tribuna verdik, “Şəmkir”in baş məşqçisi Kamran Əlibabayevə də. Mahmudov Allahdan, dindən-imandan danışıb, dolayısı ilə rüşvət aldığını etiraf etdi, Əlibabayev isə “daş atıb, başını tutdu” ki, rüşvət məsələsində əli yoxdu.
Daha sonra klubun inzibatçı-mətbuat katibi Səbuhi Quliyev məsələylə bağlı bəyanat yayacaqlarını bildirdi. Böyük səbrsizliklə gözlədiyimiz bəyanatla tanış olduqdan sonra “oğru elə bağırdı, doğrunun bağrı çatladı” məsəli yadımıza düşdü. Klubun “Facebook” səhifəsində dərc olunan yazının rüşvətə aid olan hissəsini diqqətinizə çatdırırıq:
“Son günlər mətbuatda komandamızla bağlı bəzi xoşagəlməz xəbərlər dolaşır. Bunlarla bağlı klubdaxili iclas keçirilib və bütün məsələlərə aydınlıq gətirilib. “Şəmkir” futbol klubu olaraq bilidirik ki, bütün iddialar və yazılanlar əsassızdır. Real olan odur ki, komandamızda mətbautda yazıldığı tip hallar yaşanmayıb. Klub rəhbərliyi bütün məsələləri diqqətdə saxlayır və bu cür hallar komandanın prinsiplərinə ziddir. “Şəmkir” futbol klubu hazırda bütün diqqətini Azərbaycan birinci divizionuna yönəldib. Əsas məqsəd çempionatda ilk pillələrdə qərarlaşmaqdır. Klub rəhbərliyi və komandanın bütün üzvləri azarkeşlərin də dəstəyi ilə bu istiqamətdə səfərbər olub. Hazırda əsas diqqətlər ikinci dövrənin hazırlığına və bu yolda olan problemlərin aradan qalxmasına yönəlib. “Şəmkir” komandası mətbuatı və azarkeşləri bu cür əssassız fikirlərə inanmamağa çağırır”.
 
Olduqca qəribə bəyanatdı. Diqqət yetirin: “Bunlarla bağlı klubdaxili iclas keçirilib və bütün məsələlərə aydınlıq gətirilib. “Şəmkir” futbol klubu olaraq bilidirik ki, bütün iddialar və yazılanlar əsassızdır”. 
Hanı bildirməyinizin əsası? Nəyə söykənərək, bildirirsiniz ki, yazılanlar əsassızdı? Auidoyazını dinləyən kəs “əsassız” kəliməsini necə dilinə gətirə bilər? Biz iddia etmirik ki, baş məşqçi Kamran Əlibabayevin bu məsələdə əli olub. Ancaq onun köməkçisinə pul verdiyini bildirən Yaser Talati amili “Damokl qılıncı” kimi “Şəmkir”in başının üstünü kəsdirib. Klubun adı çirkaba bulaşıb və təmizə çıxmaq üçün heç bir fakta söykənməyən, söz yığınını təqdim edərək adını “bəyanat” qoymaq heç bir fayda verməyəcək. Zəhmət çəkib, futbolçunu da dəvət etməlidilər, Adil Mahmudovun rüşvət məsələsinə də tam aydılıq gətirib, günahkarın qanun qarşısında cavab verməsinə nail olmalıdılar… Əlbəttə, adlarının şəffaflığına əmindilərsə.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp