Üçüncü dövrənin ilk turu növbəti – 6-cı Zirə səfərim baş tutdu. İkinci dövrənin sonlarınadək “burada mənəm, Bağdadda kor Xəlifə” deyən “Zirə” sonda hüququn qarşısında boyun əyməli oldu. Topaz Premyer Liqasının debütantı dəfələrlə qabartdığımız problemlərin böyük əksəriyyətini aradan qaldırmağa cəhd etdi. İş olan yerdə, nöqsan da olur. Amma əsas odu ki, iş olsun! “Kor xəlifə” variantının keçərli olmadığını çətinliklə də olsa, anlatmaq mümkün oldu…
Başlayaq klubun ayırdığı mikroavtobusdan. “Zirə” dərhal bunun bəhrəsini gördü. Əvvəllər “Zirə”nin media tribunasında 2-3 jurnalist olardısa, bu dəfə vəziyyət fərqli idi. Hətta mikroavtobusun tutumunun az olması səbəbindən kənarda qalan həmkarımız da oldu. Klubun PR sahəsində ilk düzgün addımını alqışlamağa dəyər.
Elə media-sektorun elektrik cərəyanı ilə təchiz olunması da haqlı tənqidlərin bəhrəsi idi. Doğrudu, medianın internetlə təmin olunması tələbi faktiki olaraq, yerinə yetirilməyib. Daha doğrusu, internet var, amma yoxdu. Paradoksal səslənsə belə. Hər halda 90 dəqiqə ərzində KİV təmsilçilərinə təqdim olunan parolların heç biri keçərli olmadı. Ancaq nələrəsə cəhd olunursa, mütləq həyata keçirmək mümkün olur. Ümid edirik, növbəti ev oyununadək “Zirə” rəsmiləri internetin parolunu da öyrənəcəklər. Qısası, “Zirə” rəsmiləri nələrisə etməyə cəhd göstərdi…
Oyuna gəlincə, “İnter” dərhal pressinq tətbiq etməklə, meydan sahiblərini qapısına sıxıştırmağa çalışdı. Bax, elə bu məqam qonaqların taleyini həll edən məqam oldu. Böyük qüvvəylə müdafiə olunan qəsəbə təmsilçisi bu tip qarşılaşmalardan dəfələrlə üzüağ çıxmağı bacarıb. Adil Şükürovun komandası əks-hücumlar üzərində qurulan oyunlarda özünü “suda balıq” kimi hiss edir. “Bankirlər”in baş məşqçisi Zaur Svanadzenin rəqibinin oyununu düzgün təhlil etməməsi yekun nəticəni müəyyənləşdirdi. “Qartallar”ın vurduqları qolları “qardaş” da adlandırmaq olar: hər iki halda sürətli əks-hücum – cinah ötürməsi – qol. İlk baxışdan topa daha çox nəzarət edən, daha rəngarəng hücumlar quran və qapıya daha çox zərbə endirən “İnter” ədalətsiz nəticəylə üzləşdi. Ancaq sırf futbol fəlsəfəsi baxımından qələbəyə “Zirə” layiq idi. Düzgün seçilmiş strategiya yekunda bu komandaların çempionatdakı 3-cü “randevu”sunda (ilk iki halda qolsuz bərabərlik qeydə alınıb) meydan sahiblərinin qələbəsini rəsmləşdirdi.
“Zirə”nin qələbəsində komandanın heyətində debüt oyununa çıxan Elvin Məmmədovun xidmətlərini də xüsusi qeyd etməyə dəyər. Əslində yarımmüdafiəçi “Qarabağ”dakından üstün futbol sərgiləmədi. Sadəcə, çempionun heyətində bu səviyyədə oynamağı bacaran xeyli futbolçu olduğundan, Məmmədovun oyunu elə də nəzərə çarpmırdı. “Zirə”də isə daha çox əzmkarlıq hesabına nəticəyə imza atan futbolçular toplaşıb. Belədə, ustalıq səviyyəsi və təcrübə “Zirə” kimi komanda üçün əvəzolunmaz olur.
Əks cəbhədə isə yenilərdən daha çox Vüqar Nadirov və Sezar Meza Kollinin debüt oyununda necə təsir bağışlayacaqları maraq doğururdu. Paraqvaylı “bankirlər”in hazırlıq prosesinin sonlarında qoşulsa da, “Zirə”ylə oyunda komandasının heyətində ən yaxşı futbolçu idi. Nadirov da həmişəki kimi, işgüzarlığı ilə seçildi. Ümumilikdə, bu iki futbolçunun “İnter”ə fayda verəcəyini söyləyə bilərik. Gənc Qara Qarayev isə 2-ci hissədə oyuna çıxar-çıxmaz qarşısında sarı vərəqə gördü. Onun potensialı barədə hələ ki, qəti fikir bildirmək olmur. Ən azından, müsbət mənada.
Yazını yekunlaşdırarkən, nəticədə həlledici rol kimi Zaur Svanadzenin səhvini qabartmaq istəyərdik. “Zirə”nin əks-hücum komandası olmasını nəzərə almayan gürcü mütəxəssis bunun acısını yaşadı. Ən azından növbəti turadək Svanadze turnir cədvəlində qəsəbəlilərə aşağıdan yuxarı boylanmaq faktıyla barışmalı oldu.
CEYHUN ƏLİYEV