26 fevral 1992-cı il. Azərbaycan xalqının tarixində yaşanmış ən dəhşətli faciələrdən birinin baş verdiyi tarix. Məhz həmin gün Xankəndində yerləşən ruslara məxsus 366-cı moto-atıcı alayın köməkliyi ilə Ermənistan silahlı qüvvələri Xocalıda dinc əhaliyə divan tutublar. Nəticədə 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb (76 nəfəri uşaq), 1275 nəfər isə əsir götürülüb.
Bu hadisədən 24 il keçsə də, xalqımız soyqırım qurbanlarını unutmur və hər ilin məhz 26 fevral günü həmin gecə qətlə yetirilənlərin xatirəsini yad edir, müxtəlif qurumlar, təşkilatlar rəsmi saytı vaxsitəsilə başsağlığı verir.
Amma ölkəmizdə xalqımızın bu faciəsinə biganə qalanlar da var. Məsələn, AFFA kimi…. Sözügedən qurumun saytında bu yazı çıxana kimi həmin günlə əlaqədar heç bir qeydə rast gəlmədik. Halbuki, federasiya ilə eyni binanı paylaşan PFL bu məsələdə daha fərqli davranıb.
Klublarda isə bu vəziyyət nisbətən yaxşıdı. Belə ki, 1-ci divizionda mübarizə aparan “Bakı” və digər 10 Premyer Liqa klubunun saytına göz gəzdirdik. 11 klubdan 9-u anım gününü yad edib. Yalnız “Xəzər Lənkəran” və “Rəvan” bu mənada “fərqlənib”. Təəssüf ki, bu 2 klubun rəsmi saytında hadisə ilə bağlı hər hansı bir yazıya, başsağlığına rast gəlmədik. Amma cənublulardan fərqli olaraq, “sarı-qırmızılılar” rəsmi “Facebook” səhifəsindən başsağlığı verib.
Hadisəyə ən tez reaksiya verən isə AZAL olub. Belə ki, “təyyarəçilər”in saytı bu barədə hətta anım günündən 1 gün öncə başsağlığı yazısı qoyub.
 
Bu mənada ən çox fərqlənən “Zirə”di. Belə ki, sözügedən klub hazırladığı videoroliklə hadisə qurbanlarını yad edib. Komandanın qapıçısı Kamal Bayramov soyqırım haqqında məlumat verib, heyətdə çıxış edən legionerlər isə öz dillərində Xocalıya ədalət istəyiblər. Bu videomaterial hazırda sosial şəbəkələrdə ən çox paylaşılanlar arasındadı.
1-ci divizionda çıxış edən “Bakı” isə rəsmi saytında başsağlığından əlavə “Barselona”nın türk futbolçusu Arda Turanın bir neçə il əvvəl hadisə ilə bağlı çəkilmiş videosuna yer ayrılıb. Saytı təmirdə olan “İnter” isə rəsmi “Facebook” səhifəsində faciə qurbanlarını yad edib. 
Bundan başqa, sosial şəbəkələrdə rastımıza çıxanlar arasında “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl, millimizin sabiq üzvü Deni Qaysumov, “Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdullazadənin də hadisəyə biganə qalmadığı görünür.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp