2009-cu il. UEFA Çempionlar və Avropa Liqasında iştirak edən “Bakı” və “Qarabağ”ın ev oyunlarına girişin pulsuz elan olunmasından sonra AFFA-ya rəsmi xəbərdarlıq məktubu göndəri. Qitənin ali futbol qurumu avrokubok oyunlarına bilet satışının mütləq olduğunu bildirən rəsmi xəbərdarlığını etdi. Bundan sonra Azərbaycan klublarının iştirakı ilə keçirilən oyunlarda bu cür hallar yaşanmadı…
2016-cı il. Topaz Premyer Liqasının oyunlarına giriş hələ də sərbəstdi. 7 il ötsə də vəziyyət “ölü nöqtə”dən tərpənməyib. Doğrudu, istisnalar var. Amma böyük ölçüdə problem açıq qalır. Biz bu məsələni klubların büdcəsini zənginləşdirmək üçün qabartmırıq. Məsələ burasındadı ki, oyunlara gələn tamaşaçı sayını AFFA nümayəndəsi elan edir. Onun da əlinin altında konkret rəqəmlər olmur. Bir stadionun tutumuna baxır, bir də gözəyarı tribunaların neçə faizinin azarkeşlərlə dolduğuna. Vəssəlam. Beləcə, tarix saxtalaşdırılır. 
Aydın məsələdi ki, AFFA nümayəndəsi oyunu canlı izləməyə gələn tamaşaçıları bir-bir saya bilməz. Bunun ən sadə yolu stadionun direktorundan neçə biletin satılmasını öyrənməkdi. Ancaq bilet satışı olmayandan sonra real statistik rəqəmləri göstərmək mümkünsüzdü.
Bu da danılmazdı ki, ölkə vətəndaşlarının rifahının faciəvi durumda olması, onların çempionatının oyunlarını izləmək üçün pul vermək istəyinin üzərindən qalın xətt çəkir. Amma reallıq budu ki, AFFA hətta İcraiyyə Komitəsinin üzvlərinin hansı qurum tərəfindən irəli sürülməsi praktikasını UEFA-dan götürdüyünü bəyan edir. Bəs bu praktikadan niyə yararlanmırlar? Ancaq sərf edənləri götürmək?
Qitənin ali futbol qurumu girişin biletlə olmasını əbəs yerə tələb etmir. Futbol qarşılaşmaları kütlənin toplaşdığı məkandı. Burada təhlükəsizlik xidməti ən yüksək həddə olmalıdı. Giriş biletsiz olduqda isə istənilən sayda insan eyni zamanda stadiona daxil olmağa cəhd göstərə bilər. Bu gün belə oyunun olmadığını söyləyənlər isə yanılır. Çünki 36-cı turda qızıl medalların müqəddəratı həll olunan matç olsa, nə qədər azarkeşin gələcəyini təxmin etmək mümkünsüzdü. Elə “bu halda girişi biletlə edərik” deyənlər də yanılır. Çünki qarşılaşmalara pulsuz gəlməyə adət edən tamaşaçıya bilet aldırmaq mümkün deyil. Bax, onda faciə də yaşana bilər.
Ən nəhayət, normal sistemin tətbiq edilməsi vacibdi. Axı, “teatr asılqandan, mədəniyyət tualetdən” başlayır. Bizim futbol təsərrüfatı başdan-ayağa üfunət içərisindədi. Gəlin mədəni, sivil olaq. Belədə, tarix də saxtalaşmayacaq.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp