AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncəyə gələrək, “Kəpəz” rəsmiləri ilə görüşüb. Futbolinfo.az xəbər verir ki, qurumun sədri Vaqif Sadıqovun başçılıq etdiyi nümayəndə heyətində Ağasəlim Mircavadov və Şakir Qəribov ilə yanaşı, assosasiyanın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov da yer alıb. 
Gəncə klubundan isə görüşdə Müşahidə Şurasının üzvləri Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov, icraçı direktor Mehman Allahverdiyev və komandanın baş məşqçisi Şahin Diniyev iştirak edib.
Qonaqlar klubdakı vəziyyətlə maraqlanıb, “Kəpəz”in elitaya çıxmaqla çempionata yenidən rəng qatdığını vurğulayıblar. Məşqçilər Komitəsinin üzvlərinə Gəncənin futbolla nəfəs aldığı, komandaya azarkeş marağının böyük olduğu bildirilib. Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər Gəncə futbolu və “Kəpəz” ilə bağlı müəyyən məsələlər ətrafında müzakirələr aparıblar. 
Qonaqlar həmçinin, Gəncədə yerli futbol infrastrukturu ilə tanış olub, Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Kəpəz” – “Sumqayıt” oyununu izləyiblər.
Gəncə səfəri ilə bağlı Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov klub saytına fikirlərini bölüşüb: “Bütün ilklərə imza atan Gəncə futbolu olub. Bu gün komandaya azarkeş dəstəyi böyükdür. Biz hamımız arzulayırıq ki, “Kəpəz” çempionata rəng qatdığı kimi Avropada da sözünü deməyi bacaran komanda kimi çıxış etsin. Klub rəhbərliyi ilə səmərəli görüş keçirdik, problemlərlə tanış olduq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp