Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma meydanda "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.
Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra "CBC Sport"a açıqlama verən ev sahibi komandanın futbolçusu Luiz Alberto Diez oyunu şərh edib. "Ağ-qaralar" qarşısında 2 qolla komandasına kömək edən ispaniyalı yarımmüdafiəçi start heyətdə meydana çıxmaması ilə bağlı da bu sözləri deyib:
"Qarşıda gərgin oyunlarımız var. Bizi "Qəbələ" ilə kubok oyunu gözləyir. Ardınca "Qarabağ"la, sonra yenidən "Qəbələ" ilə liqa oyunu. Daha sonra kubok matçının cavabı. Düşünürəm ki, burada "start 11-lik"dən söhbət gedə bilməz. Komandamızda yaxşı futbolçular var. Və oyunçular arasında güclü rəqabət var".
Tato ləqəbli oyunçu bu matçdan əvvəl böyükhesablı qələbəni gözləmədiyini bildirib: "Hər matça 3 xal üçün çıxırıq. Təbi ki, oyundan əvvəl ağlıma gəlməzdi ki, matç 3:0 hesablı qələbəmizlə bitəcək. İlk hissədə "Neftçi"nin bir oyunçusu (Cavid İmamverdiyev) qırmızı vərəqə ilə cəzalandırıldı. Artıq ikinci hissədə bundan faydalanmaya bilməzdik. Daha çox kəskin hücum qurduq və nəticədə qollar gəldi".
O, mövsüm sonunda Premyer Liqanın bombardiri olub-olmayacağı ilə bağlı isə fikrini belə izah edib: "Bayaq da qeyd etdiyim ki, çalışırıq ki, hər oyunda 3 xal qazanaq. Fikrimcə bizdə Nelson ən çox qol vuran futbolçular siyahısına başçılıq edə bilər".