Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"la 0:0 bərabərə qalıb.
Qəbəl şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib:
“İstənilən nəticə ilə bitən oyundan sonra olduğu kimi bu dəfə də futbolçularımın əlini sıxdım. Onlar öz işlərini görüb, çalışqanlıq nümayiş etdirdilər. Təəssüf ki, qol vurmağımız alınmadı. Nəticədə 2 xal itirdik. Buna görə heç kimə iradımı bildirmirəm. Futbolçularıma da dedim ki, başınızı dik tutun. Bu matç həmin oyunlardan biri idi ki, qalib gəlməmək olmazdı. İndi bu uğursuzluğu yaşayıb, yolumuza davam etməliyik. Rəqib komanda çox çalışdı. Buna baxmayaraq, bizim qol imkanlarımız oldu. Lakin imkanlardan istifadə edə bilmədik. Qarşılaşmanın gedişində oyunun axarını dəyişmək üçün mümkün olan hər addımı atdıq. Asif Məmmədovu da, Rikardinyonu da meydana buraxdıq. Matç sona yaxınlaşdıqca təzyiqi artırırdıq və bu üzdən yorğunluqdan danışmazdım. Demək olar ki, əlimizdə olan 3 xalı qazana bilmədiyimizə məyusam. Hər oyunda qalib gəlib, xal hesabımızı artırmalıyıq. “Xəzər Lənkəran”la oyunda bunu bacarmadıq. Hərçənd qələbəyə çox yaxın idik”.
Shares: