“Neftçi” Zirə səfərindən bonubükük döndü. “Ağ-qaralar” çempionatın debütantı ilə qarşılaşmada qalib gəlməyə çalışsalar da, Fariz Yusifov qonaqların bütün arzularını məhv etdi. Futbolinfo.az saytına müsahibədə “Neftçi”ni kapitan sarğısı ilə oyuna çıxaran Aqil Məmmədov biabırçı məğlubiyyətin səbəblərini açıqladı:
– Bugünkü oyunda böyükhesablı məğlubiyyəti ilə nə ilə izah edərdin?
– Oyuna yaxşı başlamışdıq. Qırmızı vərəyəqə alandək, oyunu diqtə edən tərəf biz idik. Ancaq “qırmızı”dan sonra oyunumuz təmiz “sındı”. Heç nədən futbolçumuz meydandan çıxarıldı. Nəticə də belə oldu. 
– Yəni baş hakimin qərarı ədalətsiz idi?
– Hakimliyə bir söz demirəm, Fariz Yusifova hörmətimiz var. Ancaq bu cür vəziyyətdə qırmızı vərəqə vermək olmaz. Özü də ki, belə bir oyunda!

 
– Buraxdığın ikinci qol sənin səhvin idi, yoxsa müdafiəçilər səni çaşdırdı?
– Qol buraxırsanda, bu, o demək deyil ki, qapıçın və ya müdafiəçinin səhvidi. Sadəcə, rəqib məni əks-istiqamətdə tutdu. Çətin zərbə idi.
– Hesabın belə olacağını düşünürdün?
– Sözün düzü, biz Zirəyə qələbə qazanmaq üçün gəlmişdik. 0:3 hesablı məğlubiyyət gözlənilməz oldu. Bu nəticəni qırmızı vərəqəylə əlaqələndirirəm. Mənasız bir yerdə qırmızı vərəqə aldıq. 
– “Neftçi” “Zirə”ni bunadək də məğlub edə bilməyib. Niyə bu rəqiblə oyununuz uğursuz alınır?
– “Zirə” çox yaxşı komandadı. Çempionatda 2-3 yaxşı oynayan komanda varsa, biri də onlardı. “Zirə”ni təbrik edirəm. Yaxşı kollektivləri var, yaxşı oyun göstərdilər. 
– Səncə, belə durumdan sonra komandanı toparlamaq üçün nələr etmək lazımdı?
– Belə vəziyyətdə çətinliyi, oyunu, nəticəni unudub yaxşı məşq etmək lazımdı. Qarşıda “Xəzər Lənkəran”la kubok, ardından “Qəbələ” ilə çempionat oyunumuz var. Həmin matçlarda qələbə qazanmağı düşünmək lazımdı.
– “Neftçi” xal itkiləri ilə avrokuboklar zonasından daha da uzaqlaşır. Belə vəziyyətdə Avropa Liqasına çıxma şansını necə dəyərləndirirsən?
– Qarşıda çempionatda 13 oyunumuz var. Sadəcə, dəyişib yaxşı oynamaq lazımdı. Beyni dəyişmək lazımdı ki, belə psixoloji gərginlikdən çıxaq. Hazırkı vəziyyətdə ən vacibi budu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp