Topaz Premyer Liqasının 23-cü turunun bütün oyunları eyni gündə baş tutdu. Ötən turdan olaraq, futbolinfo.az simvolik yığmanın, turun qəhrəmanın və antiqəhrəmanının təqdimatına start verib. 
Qapıçı: Orxan Sadıqlı (“Xəzər Lənkəran”)
Müdafiəçilər: Ansi Aqolli (“Qarabağ”) – Rəşad Sadıqov (“Qarabağ”) – Çimezi Mbah (“Zirə”) – Ruslan Əmircanov (“İnter”)
Yarımmüdafiəçilər: Nizami Hacıyev (“İnter”, 2) – Elnur Abdullayev (“İnter”) – Nika Kvekveskiri (“İnter”) – Murad Səttarlı (AZAL)
Hücumçular: Tato (“Zirə”) – Nelson Bonilya (“Zirə”, 2).
Qeyd: Mötərizədə futbolçuların təmsil etdikləri klublardan sonra göstərilən rəqəm, onların simvolik yığmaya düşdükləri saydı.
Turun qəhrəmanı: Tato (“Zirə”)
“Neftçi”ylə görüşün 2-ci hissəsində meydana daxil olan ispaniyalı futbolçu “Zirə”nin oyununa rəng qatdı. Məhz onun meydanda heç nəylə yadda qalmayan Nurlan Novruzovu əvəzləməsindən sonra “Qartallar” “dirildi”. Tam adı Luis Alberto Diez olan hücumameylli yarımmüdafiəçi meydanda olduğu 35 dəqiqədə fırtına kimi əsməyi bacardı. “Ağ-qaralar”ın qapısına 2 dəfə yol tapmağı bacaran Tato “Zirə”nin Topaz Premyer Liqası tarixində ilk böyükhesablı qələbəsini rəsmiləşdirməsində əvəzolunmaz rol oynadı.
Turun antiqəhrəmanı: Cavid İmamverdiyev (“Neftçi”)
Bu dəfə də “qara dəftər”ə “Neftçi”nin futbolçusu düşdü. Ötən tur “Qarabağ”a qol hədiyyə edən Aylton Silva oldusa, bu dəfə komandasını batıran Cavid İmamverdiyevdi.  “Zirə”ylə oyunda meydanda olduğu dəqiqələrdə əlahiddə heç nəylə yadda qalmayan yarımmüdafiəçi fasiləyə 2 dəqiqə qalmış aldığı 2-ci sarı vərəqəylə fakitiki olaraq, komandasının “qəbirqazan” rolunu oynadı.
Shares: