AFFA-nın Məşqçilər Komitəsi 2 günlük səfərlə Gəncədə olub. Bu barədə futbolinfo.az saytına məlumatı komitənin sədri Vaqif Sadıqov verib.
Təcrübəli mütəxəssis səfər zamanı bir sıra görüşlər keçirdiklərini bildirib: “Klub bizi ən yüksək səviyyədə qarşıladı. Stadionda aparılan işlərlə tanış olduq. Uşaqların hazırlaşdığı meydançalarla tanış olduq. Müşahidə şurasının üzvləri ilə fikir mübadiləsi apardıq. Görüşdə Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevlə də xeyli söhbətimiz oldu. İcra başçısına şəhərdə aparılan abadlıq işlərinin göz oxşadığını bildirməklə yanaşı, stadionun da Gəncənin infrastrukturuna xüsusi rəng qatacağını bildirdik. O da öz növbəsində stadionda aparılan işlər barədə ətraflı danışaraq, bu sahədə əməli işlərin davam etdiriləcəyini vurğuladı. “Kəpəz”in qarşısına Avropa Liqasına yüksəlmək vəzifəsi qoyulub və turnir start götürənədək bütün tələblərə cavab verən infrastruktura sahib olmaları üçün çalışırlar. Səfərimizin ikinci günündə “Kəpəz” – “Sumqayıt” matçını da izlədik”.
Həmsöhbətimiz AFFA-nın “Elit” futbol layihəsi üzrə uşaq qapıçıları hazırlayan Xəyal Zeynalova da xoş müjdə verdiklərini dilə gətirdi: “Məlum olduğu kimi, “Elit” layihəyə son qoyulduqdan sonra Gəncədə bu sahədə boşluq yaranmışdı. Baş katib Elxan Məmmədovla məsləhətləşmələrdən sonra Gəncədə qapıçıların hazırlanmasının məqbul olacağı qənaətinə gəldik. Martdan etibarən Kəpəz”in nəzdində yenidən bu sahənin inkişafı yolunda çalışmalarını bərpa edəcək”.
Məsələylə bağlı Xəyal Zeynalovun da fikirlərini öyrəndik. Keçmiş qolkiper xəbəri təsdiqlədi: “Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqova işimizi davam etdirəcəyimizə görə təşəkkürümü bildirirəm. Xeyli müddət idi ki, bu, xoş müjdəni gözləyirdik. Gəncədə yeni nəslin qapıçılarının yetişməsi olduqca vacib məsələdi. Görüş zamanı Vaqif müəllim martdan işə başlayacağımızla bağlı xəbəri bizə çatdırdı. Yaxın günlərdə müqavilə imzalayacağıq”.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp