“Kəpəz”in yarımmüdafiəçisi Kərim Diniyevin futbolinfo.az saytına müsahibəsi:
– Ötən tur “Sumqayıt”la 0:0 bərabərə qaldınız. Bu oyun barədə fikirlərini bilmək istərdik. Qələbə qazanmağınıza nə mane oldu?
– Əvvəldən bu oyunun ağır keçəcəyini bilirdik. “Sumqayıt” həqiqətən çox yaxşı komandadı. Yaranan qol imkanlarını boşa verdik. Məncə, əlimizdən gələn hər şeyi etdik, sadəcə qol vura bilmədik.
– Bu matçdakı xal itkisi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
– Xal itkisindən heç kim sığortalanmayıb. “Qəbələ” də evdə keçirdiyi “Xəzər Lənkəran”la matçda xal itirdi. Hər an bir komanda digərindən xal ala bilər. Bu cür hallara hazır olmaq lazımdı. 
– Qazonun vəziyyəti qalib gəlməməyinizdə nə dərəcədə rol oynadı?
– Bu barədə hər yerdə yazırlar. Bizi də başa düşmək lazımdı. Belə qazonda oynamağı biz də istəməzdik. Meydana çıxırıqsa, hər şeyi bir kənara atmalıyıq. Ola bilər, ustalıq səviyyəsini tam göstərmək çətindi. Amma mübarizə, əzmkarlıq olmayandan sonra bunu bəhanə etmək lazım deyil. Hazırkı vəziyyət budursa, şəraitlə barışıb, meydançada əzmkarlıq etməliyik.
– "Sumqayıt"la oyunun ikinci hissəsində komanda yoldaşın Julien Ebahın yerdə qaldığı epizodda, səncə, Əliyar Ağayev penalti təyin etməli idimi?
– Oyun vaxtı tam dəqiq görə bilmədik. Amma matçdan sonra paltardəyişmə otağında epizodun təkrarına baxdıq. Məncə, təmiz penalti idi. Amma hakim də insandı, səhv edib. Bu, hamının başına gələ bilər. Elə biz də matçda səhvlər edirik. Futbolda bu cür hallar olur. 
– Səncə, “Kəpəz” daimi Gəncədə məskunlaşsaydı və ot örtüyü yaxşı vəziyyətdə olsaydı, daha irəli pillələrdə qərarlaşa bilərdiz? 
– Bu suala cavab verməkdə çətinlik çəkirəm. Gərək onu yaşayıb, görək. Hazırkı vəziyyətimiz budu. Bəlkə də, bundan da pis olardı və ya əksinə.
– Cari mövsümdə 3 oyunun heç birində “İnter”ə qol vura bilməmisiniz və ya “Qarabağ”la qarşılaşmalarda xal qazanmamısınız. Bu sindromun səbəbini nədə görürsən?
– Hamı bilir ki, “İnter” 5 müdafiəçi ilə oynayır. Bu komanda ilə oyunlarda nəinki qol vurmaq, təhlükəli vəziyyət yaratmaq belə çətindi. “İnter”lə hər 3 matçda bir neçə real qol şanslarımız olub, lakin istifadə edə bilməmişik. Bu, bizim problemimizdi. Rəqib öz oyununu göstərir. Amma “Qarabağ”la son qarşılaşmada rəqib son dəqiqələrdə künc zərbəsindən vurduğu qol hesabına qalib gəldi. Rəqibin gücünü kiçiltmək istəmirəm. “Qarabağ” Azərbaycanın 1 nömrəli komandasıdı. Hər 3 oyunda bizi üstələyiblər. Yəqin ki, buna layiqdilər. Görünür, bizdə nə isə çatışmır ki, “İnter” və “Qarabağ”ı məğlub edə bilmirik.
– “Kəpəz”in avrokuboklara vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsən? 
– Hələ ki, çempionatın başa çatmasına 13 tur qalıb. Əlimizdən gələn  hər şeyi edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq. Hər görüşə makisumum nəticə əldə etmək üçün çıxırıq. Çünki Gəncə şəhəri, bu azarkeşlər, rəhbərlik, komanda avrokuboklara layiqdi. Bunu sözgəlişi demirəm, doğrudan belədi. 
– Bəs bu yolda sizə əsas rəqib kimi hansı komandanı görürsən?
– “Qarabağ” məlum məsələdi ki, çempion olacaq. Digər komandalardan isə “Sumqayıt”, AZAL , “İnter”, “Qəbələ”, “Neftçi”, “Zirə” – bu komandaların hamısı bizim üçün rəqibdi.
– Maraqlıdı, mövsümün əvvəlində qoyulan hədəflə indiki mövqeyiniz uzlaşırmı?
– Mövsümün əvvəlində qarşımıza qoyulan hədəf ilk 6-lıqda yer almaq idi. Hazırda 5-ci pillədəyik. Məncə, çox lazımsız xallar itirmişik. Əgər bu olmasaydı, daha yuxarı pillələrdə qərarlaşa bilərdik. Hələ qarşıda çox oyunumuz var, yaxşı olacağına inanıram. 
– Ötən mövsüm AZAL-da, bu futbol ilində isə “Kəpəz”də daimi meydana çıxırsan. Maraqlıdı, səni millinin heyətində görmürük…
– Bu, mənim səhvimdi. Əgər baş məşqçi məni milliyə dəvət etmirsə, demək məndə nəsə çatışmır. Demək ki, bir az da artırmalıyam. Hər azərbaycanlı futbolçu kimi, mən də yığmamızın şərəfini qorumaq istəyərəm. Əgər çağrılmıramsa, yəqin ki, oyunumda nəsə çatışmazlıq var. 
– Hər dəfə millinin heyəti açıqlandıqdan sonra adını siyahıda görməyəndə təəssüflənirsənmi?
– Açığı, hərdən olur. Həmişə insan istəyir ki, adı bu siyahıda olsun. Amma 99 faiz əvvəlcədən bilinir ki, çağrılmayacağam, çünki namizəd deyiləm. Buna baxmayaraq, adımı orada görmək istəyərəm. Ancaq siyahını oxuyanda qardaşımın (Coşqun Diniyev) adını görmək xoşdu. Ən azı Diniyev soyadından birinin orda olması sevindircidi. Əgər ikisi olsa, bu, daha yaxşı olar. 
ELMAR ABDULLA-ZADƏ
Shares: