Topaz Premyer Liqasının 23-cü turunda səfərdə “Qəbələ” ilə 0:0 bərabərə qalan “Xəzər Lənkəran” fasilə vermədən məşq edir. Futbolinfo.az xəbər verir ki, martın 2-də ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda evdə "Neftçi" ilə qarşılaşacaq əyalət təmsilçi həmin matçın çalışmalarına başlayıb.
Əldə etdiyimiz məlumata görə, “ağ-yaşıllar” bu saatlarda iclasdadı. Baş məşqçi Elbrus Məmmədov hazırda futbolçulara “Qəbələ” ilə oyunun təhlilini aparır. Cənublular 16:00-da məşqə çıxacaq. Lənkəranlıların heyətində Vüqar Bəybalayev, Tural Qürbətov və Vaquf Güləliyevin yüngül zədəsi olsa da, bu, adıçəkilənlərin məşqi buraxmasına mane olmayacaq.
Qeyd edək ki, sözügedən oyun martın 2-i, saat 14:00-da “Xəzər Lənkəran” mərkəzi stadionunda start götürməli olsa da, meydan sahibləri qarşılaşmanın vaxtının dəyişdirilməsi üçün PFL-ə müraciət edib, cavab gözləyir.