Bu gün Klublar Komitəsinin (KK) növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, "Boulevard Hotel"də baş tutan toplantıdan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov əməkdaşımızın da suallarını cavablandırıb:
– Çempionatın son turunda “Xəzər Lənkəran”la oyunda xal itirdiniz. Ümumiyyətlə, qış fasiləsindən sonra “Qəbələ”nin çıxışı sizi qane edirmi?
– Toplanışı yüksək səviyyədə keçmişdik. Mən də həmin vaxt komanda ilə birlikdə idim. İlk görüşdə “Kəpəz”ə məğlub olduq, bundan sonra komanda ilə görüşlər oldu. Futbolçularda psixoloji gərginlik var idi. Bu, aradan qaldırıldı. Sonrakı oyunda isə qalib gəldik. Əvvəllə müqayisədə, fərq ondadı ki, indi hücum xəttimiz yaxşı çıxış etmir, zəiflik var. Bunun da səbəbi odu ki, 2 əsas oyunçumuz – Dodo və Aleksey Antonov son vaxtlar komandaya kömək edə bilmir. “Xəzər Lənkəran”la matçda üstün tərəf biz olsaq da, qol vura bilmədik. İnanıram ki, adıçəkilən futbolçularımız qayıdandan sonra bu məsələ yoluna qoyulacaq. 
– Uğursuz nəticələr davam etsə, baş məşqçi Roman Qriqorçukun istefaya göndərilmək ehtimalı varmı?
– Bu sual son vaxtlar tez-tez qabardılır. Qriqorçukla müqaviləni 1 il artırdıq. Onun burada olduğu müddətdə kifayət qədər yaxşı nəticə göstərdik. Savadına, məşqçilik qabiliyyətinə şübhəmiz yoxdu. Hər xal itirdiyimiz oyundan sonra onun istefası gündəmə gəlir. Birdəfəlik bildirirəm ki, Qriqorçukun getməsi gündəmdə deyil.Nə vaxt görsək ki, komanda və futbolçularla arasında problem var, məşqinə məsuliyyətsiz yanaşır, nəticələrində kifayət qədər pisdi və istəyimizə çata bilmirik, onda bu barədə düşünmək olar. Bu gün sözügedən məsələ müzakirə oluna bilməz. Komanda 4 oyuna 10 xal toplayıb. Razıyam, istərdik ki, ilk pillədə olaq, amma bu, futboldu. Qarşıda bir neçə tur var. 
– İndiki məqamda birincilik sizin üçün xəyal kimi görünmür?
– Niyə xəyaldı ki? Liderlə 10 xallıq fərqimiz var. Qarşıdakı 13 turda isə 39 xal toplamaq mümkündü. Sadəcə inanıb, komanda şəkildə nəticə qazanmaq lazımdı. 
– Sabah ölkə kubokunun ¼ final mərhələsində “Zirə” ilk oyuna çıxacaqsınız. Yəqin ki, kuboku qazanmaq arzusundasınız…
– Sözsüz, kubok oyunları çempionat görüşlərindən fərqlənir. Qalib olmaq niyyətindəyik.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp