Topaz Premyer Liqasının medalları uğrunda mübarizənin qızğın çağında ölkə futbolsevərlərinin diqqəti digər qənimət – kubok mübarizəsinə yönəlir. Sabah Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları keçiriləcək. Yarışda işləri “yağ kimi gedənlər” də, “çuxasını sudan çıxarmağa çalışanlar” da mübarizə aparacaq.
“Xəzər Lənkəran” – “Neftçi”
Qarşılaşmaya “iki oyun” prizmasından yanaşılsa, “Neftçi”ni istənilən heç-heçə qane etməlidi. Ancaq nəzərə alsaq ki, cənublular sıx müdafiə olunmaqla seçilirlər, bu qarşılaşmada qolsuz bərabərliyi paytaxt təmsilçisinin passivinə yazmaq olacaq. Çünki Bakıdakı oyunda “ağ-qaralar” “1-ci skripka” rolunu oynamağa məhkum olacaqlar ki, belədə, Elbrus Məmmədovun komandası rəqibini əks-hücumda yaxalaya blər. 
“Neftçi”də psixoloji durum da yerində deyil. “Zirə”dən alınan 0:3 hesablı məğlubiyyətin cingiltisi hələ uzun müddət qulaqlarını incidəcək. Klubdaxili atmosfer də ürəkaçan deyil. Hər arxada qalan tur “Neftçi”nin medal şanslarını minimuma endirir. Amma məhz bu amillər Əsgər Abdullayev üçün “xilasedici” rolunu oynaya bilər. Təcrübəli mütəxəssis “bir gülləylə iki dovşan” vura bilər. 
Dovşan №1. Avrokuboklara vəsiqə verən ən qısa və real yol ölkə Kubokundan keçir. Rəqib də ki, Mais Mənsimovla Tuyqun Nadirovun iflic vəziyyətinə gətirdiyi, istənilən Premyer Liqa təmsilçisinin arzuladığı “Xəzər Lənkəran”dı. 
Dovşan №2. ”Xəzər Lənkəran”dan bir tək ad qalsa da, “Neftçi” azarkeşləri üçün bu komandanın durumunun hansı vəziyyətdə olmasının fərqi yoxdu. “Ağ-qaralar”ın fanatları üçün “Xəzər Lənkəran” üzərində qələbənin xüsusi önəmi var. Yəni, “Neftçi” səfərdən qələbəylə dönsə, fanatlarla münasibətlərini də müsbətə doğru dəyişə bilər.
“Xəzər Lənkəran”ın evdə bütün heyətlə müdafiəyə oturacağını gözləməyə dəyməz. Tərəflərin açıq futbola üstünlük verəcəyini proqnozlaşdırmaq olar. Belədə, qonaqlar daha şanslı görünür. Nə qədər də olmasa, paytaxt təmsilçisinin ifaçıları daha zəngin təcrübəyə və daha üstün fərdi keyfiyyətlərə sahibdilər.
“Qarabağ” – “Sumqayıt”
Hazırkı duruma görə “Qarabağ” istənilən oyunun favoritidi. Amma Qurban Qurbanovun yetirmələrinin rəqibi sözün həqiqi mənasında “əhval-ruhiyyə komandası”dı. Samir Abasovun yetirmələri həm də çempionatın ən qeyri-sabit kollektividi. “Gənclik şəhəri” təmsilçisi sabah meydançaya “iti dişlə” çıxsa, “Qarabağ”ın qələbəsinə təminat vermək olmayacaq. “Sumqayıt” istənilən rəqibini təəccübləndirmək iqtidarındadı. Sözün yaxşı mənasında “həyasız” futbol sərgiləyən Abasovun drujinası ilk qarşılaşmadan qalib də ayrıla bilər, böyük hesabla məğlub da ola bilər.
Bir məqam da var ki, Qurban Qurbanov böyük ehtimalla bu görüşdə heyətlə bağlı ciddi rotasiyaya əl atacaq. Bu faktor heç də qonaqların lehinə işləməyəcək. Çünki nadir hallarda start heyətinə cəlb olunan futbolçular bacardıqlarından da artığını etməyə çalışacaqlar ki, növbəti oyunlarda baş məşqçinin etimadını qazansınlar. Bu oyunla bağlı fikirlərimizi yekunlaşdırarkən, azarkeşlərin bol qol görəcəyini proqnozlaşdırırıq.
“Zirə” – “Qəbələ”
Ölkə çempionatında turnir cədvəlinə nəzər saldıqda ¼ finallar arasında ən maraqla gözlənilən oyun olmalıdı. Amma bu, yalnız kağız üzərindədi. Çünki səfərdə oynayan “Qəbələ”nin böyük qüvvəylə irəli atılacağı inandırıcı deyil. “Zirə” isə evdə də, səfərdə də “astagəl” futbol fəlsəfəsinə söykənib. Cütlüyün favoriti əyalət təmsilçisi olsa da, ilk oyunun keyfiyyəti ilə bağlı nikbin proqnoz verə bilmirik. Böyük qüvvəylə müdafiə olunmağı sevən meydan sahibləri güclü rəqiblə qarşılaşmada oyun üslubunu dəyişməyəcəyi gün kimi aydındı. 
Əlbəttə, “Qəbələ” cütlüyün taleyini ilk oyunda həll etmək istəyər. Amma başıalovlu hücuma atılacağı da real deyil. Böyük ehtimalla, Roman Qriqorçukun yetirmələri planlı şəkildə rəqibin müdafiə redularını yarmağa cəhd edəcək. Amma böyük qüvvəylə irəli atılacağı inandırıcı deyil. 
Qısası, tərəflərin ilk duelində “suyu üfürə-üfürə içməsi” gözlənilir.
“Rəvan” – “”İnter”
1/8 finalda “Bakı”nı məğlub edən “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov ölkə mətbuatından yalnız futbolinfo.az saytının iştirak etdiyi matçsonrası mətbuat konfransında kubokun finalınadək irəliləmək niyyətində olduqlarını bildirmişdi.Bunun üçün ilk növbədə “İnter” səddi aşılmalıdı.
Kubokun bu mərhələsində aşkar favorit kimi göstərilə biləcək yeganə komanda da elə “İnter”di. Çünki büdcəsi, yeri-yurdu, məqsədi bəlli olmayan Nuru Əliyevin sahibi olduğu “Rəvan”la qarşılaşan istənilən komanda favorit göstərilir. “Bankirlər” isə qış fasiləsindən sonra uğursuz start götürsələr də, tədricən özlərinə gəlirlər. Əvvəlcə “Kəpəz” üzərində qələbə, ardınca isə “Qarabağ”la heç-heçə Zaur Svanadzenin yetirmələrinin aktivinə yazılası oyunlardı. 
Meydan sahiblərinin bu oyunda maksimum əldə edəcəyi nəticə qapısının toxunulmazlığını qorumaq olar. O da müəyyən mənada üzərində “möcüzə” möhürü vurulmaq şərti ilə.
CEYHUN ƏLİYEV

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp