Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Seçməmiz Ukraynanın müvafiq yaş qrupuna aid komandasına 0:2 hesabı ilə uduzub.
Bakı Olimpya Stadionundakı matçdan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov jurnalistlərin suallarını cavablandırıb:
– Əgər matçı iki hissəyə bölsək, komanda ilk hissədə daha yaxşı görünürdü. 1-ci yarıda az da olsa, üstünlüyümüz var idi, qol şansları yarada bildik. Amma fasilədən sonra komandamda yorğunluq hiss olunurdu. Futbolçularımda cəldlik, tezlik itmişdi. Buna görə də qonaqlar bizi üstələdi.
– Bu yorğunluq komandanın hazırlıq prosesində aldığı yükdən irəli gəlir?
– Təbii. Biz daha əvvəl Rusiya ilə 2 yoxlama oyununa çıxmışıq. İstər Rusiya, istərsə də Ukrayna buraya əsas heyətlə gəlib. Adıçəkilən rəqiblər bu görüşlərə rəsmi matç gözü ilə baxırlar. Bu da başa düşüləndi. Çünki bu komandalar bir ay sonra elit raundda iştirak edəcəklər. Belə qarşılaşmaların bizə də xeyri var. Çünki biz Avropa Çempionatına hazırlaşırıq. Artıq rəqiblərin hansı səviyyədə olduğunu hiss edirik. Bəzi problemlərimiz var, oyunçu qıtlığından əziyyət çəkirik. İrəlidə qol vura biləcək futbolçumuz yoxdu. Ön xəttə oyunçularımızın rəqibə təhlükə yaratması üçün hücumçu axtarışındayıq. 
– Bu gün meydanda olan Anil Jilazın oyunundan razı qaldınızmı?
– O, daha öncə də millimizə dəvət alıb. Sadəcə, zədələnmişdi deyə uzun müddət idi ki, komandaya dəvət olunmurdu. Onu yoxlamaq istəyirdim. Oyunundan razı qalmadım, daha güclü, sürətli futbolçular istəyirik. Bu gün yoxladığım futbolçuları bəyənmədim.
– Ona gələcəkdə də şans vermək fikriniz var?
– Qarşıda 1 oyunumuz var. Həmin matçda onu da sınaqdan keçirəcəyik və yekun qərar bu oyundan sonra veriləcək. Komandamızın özündə də problem var. Rəsmi oyunlarda çox əvəzetmədən istifadə edə bilmirik. Heyətimizdə 18 eynisəviyyəli futbolçu yoxdu. Sonradan meydana çıxıb, oyunun tempini tutmaq çətindi, bunu hər futbolçu edə bilmir. Bu gün də gördünüz ki, əvəzetmələrdən sonra intizamımız tam pozuldu. Futbolçularımız yorğun idi, imkanın olsaydı hamısınnı dəyişərdim. 
– Rusiya ilə ötən oyundakından fərqli yarımmüdafiədə müxtəliflik çatmırdı…
– Razıyam, yorğunluq olduğu üçün futbolçularımız istədiyi qədər hərəkət edə bilmədilər. Bundan başqa, rəqibin də gücünü qiymətləndirməliyik. Ukraynalılar bu gün bizim futbolçulardan çox qaçıb, onları yordu. Fasilədən sonra rəqib pressinqə üstülük verdi, bizim futbolçularda isə top itkilərinin sayı artdı. 
– İlk hissədə müdafiəçilərin hücumlara cinahlardan qoşulması xüsusi tapşırıq idi?
– İlk gündən oyunçularımıza bu tapşırığı vermişik ki, hücuma qoşulsunlar. İstərdik bunu həmişə edək. Buna güc lazımdı. İkinci hissədə yoğunluq səbəbindən bunu edə bilmədik. 
– Qapıçı mövqeyi ilə bağlı nə qərara gəlmisiniz?
– Bu gün qapıçımızın buraxılan qollarda elə də çox səhvi olmadı. 
– Murad Popovun siyahıdan silindiyini düşünmək olarmı?
– Xeyr, siyahıdan silməmişik.Qapıçının xətalarından sonra ona bir dəfə də şans veriləcək. Mənə elə gəlir ki, Kamran İbrahimov bu gün inamlıdı. 
– AÇ-yə kimi yenə yoldaşlıq matçları olacaqmı?
– Martda təlim-məşq toplanışımız olacaq. Azərbaycan klubları ilə yoxlama matçlarının keçirilməsi mümkündü. Bundan başqa, Avropa Çempionatının püşkü atıldıqdan sonra apreldə bizimlə bir qrupa düşməyən komandalardan birini Bakıya dəvət etmək istəyirik.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp